AZ

RU

EN





 
Siyasət 2017
Prezident İlham Əliyev yerli ekspertlərə inanmır

Prezident İlham Əliyev yerli ekspertlərə inanmır

2017 Yanvar 11 ( Çərşənbə )  12:29:25
English  

“Müxtəlif qeyri-hökumət təşkilatları var, hamımız bilirik ki, onlar haradan maliyyələşir, onların hədəfi bizə ləkə vurmaq, bizi qaralamaq, bizim işimizə kölgə salmaqdır. Onların illər boyu apardıqları antiazərbaycan kampaniyaları heç bir nəticə vermir. Onların reytinqlərinə heç fikir verməyə də dəyməz”, - prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin yekunlarına həsr olunmuş iclasındakı çıxışında deyib.

O, iqtisadiyyatın vəziyyətini və hökumətin siyasətini mənfi qiymətləndirən yerli iqtisadçıları tənqid edib. “Bütün bunlara fikir vermək lazım deyil”, - o qeyd edib, iqtisadçıların və QHT-lərin nədə yalnış olduqlarını açıqlamayıb.

İ.Əliyev ictimaiyyəti inandırmağa çalışıb ki, sosial siyasət hakimiyyətin prioritetlərindən biridir. “2016-cı ildə sosial ədalətlə bağlı çox önəmli addımlar atılıb, xüsusilə kommunal tariflərlə bağlı”, - o, qaz və elektrik enerjisinin qiymətinin ikiqat artırılması barədə danışıb.

“Hesab edirəm ki,  biz 2016-cı ildə əldə edilmiş uğurlarla fəxr edə bilərik. Gəlirlərimiz azalır, ancaq insanların maaşları artır”, - o əlavə edib.

Ölkə başçısı iqtisadi artımın göstəricisi kimi mehmanxana tikintisini, xarici turistlərin sayının artmasını göstərib.

Qarabağ nizamlanmasına toxunan İ.Əliyev Bakının məlum mövqeyini bir daha təkrarlayıb ki, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. “Azərbaycan heç vaxt öz torpağında ikinci qondarma erməni dövlətinin yaranmasına icazə verməyəcək”.

Aprel döyüşlərinə toxunan dövlət başçısı bunu Azərbaycan ordusunun şanlı tarixi qələbəsi adlandııb: “2016-cı il münaqişənin həlli ilə bağlı çox önəmli il olub. Çünki qarşı tərəf – Ermənistan təşviş içində idi, vasitəçilərdən xahiş edirdi ki, tezliklə bu döyüşlər başa çatsın və onlar danışıqlar prosesinə qayıtmağa hazır olduqlarını bildiriblər”.

Sonra o, idmançıların Rio Olimpiya Oyunlarında uğurlu çıxışlarından danışıb.

“2016-cı ildə idmançılarımız bizi böyük qələbə ilə sevindirdilər. Rio Olimpiya Oyunlarında və sentyabr referendumunda xalq “bizim siyasətimizə öz böyük dəstəyini verdi”, - o vurğulayıb.

“Beynəlxalq təşkilatlar, xüsusilə Avropa Şurası referendumun keçirilməsinə çox müsbət qiymət verdi və sonra bunu Strasburqda öz qərarı ilə təsdiqlədi”, - dövlət başçısı qeyd edib.

Sonra prezident bəzi Avropa ölkələrində miqrantlara qarşı alçaldıcı hərəkətlərin baş verməsi, islamofobiya ilə bağlı aqressiv siyasət fonunda multikulturalizm siyasətini tərifləyib.

İ.Əliyev geniş nitqində manatın iki dəfə devalvasiyası, dəniz platformalarında baş vermiş qəza zamanı onlarla neftçinin həlak olması, bankların bağlanması nəticəsində vətəndaşların böyük maliyyə itkiləri və əhalidə ciddi narahatlıq doğuran digər məsələlər haqda bir kəlmə danışmayıb.-02D-

ŞƏRHLƏR

 





(ru) Все права защищены! 2007 - Contact online news : При использовании материалов активная гиперссылка на www.contact.az обязательна
(en) All rights reserved! 2007 - Contact online news : When reprinting, active hyperlink on www.contact.az required.
 
Powered by © Contact Online news, 2007 - 
Email: editor.contact.az@gmail.com