AZ

RU

EN





 
Müsahibə 2016
Mirvari Qəhrəmanlı: Neftçilərin həlak olmasının səbəbi cəzasızlıqdır

Mirvari Qəhrəmanlı: Neftçilərin həlak olmasının səbəbi cəzasızlıqdır

2016 Dekabr 16 ( Cümə )  12:01:55
English  

Dekabrın 15-də saat 5.00-da Xəzər Dənizində fövqəladə hadisə baş verib. Güclü külək “Azneft” İstehsalat Birliyinin Nəriman Nərimanov adına Neft-Qaz Hasilatı İdarəsinin 3 nömrəli neftyığma məntəqəsinin estakadasının bir hissəsini uçurub. SOCAR-ın mətbuat xidməti hadisə ilə bağlı rəsmi bəyanat yayıb. Bildirilir ki, qəza nəticəsində estakadanın 150 metrlik hissəsi dənizə uçub. Yaşayış köşkü da dənizə uçub. Hələ də həlak olanlar və zərərçəkənlər haqqında məlumat daxil olur.

Azərbaycan iqtisadiyyatının neft-qaz hasilatı seqmentində dəniz platformalarında son illər sıxlaşan ardıcıl fövqəladə hallar artıq bu sahədə təhlükəsizlik məsələlərini və neftçilərin əmək şəraiti problemini sadəcə aktuallaşdırmır, sözün birbaşa mənasında taleyüklü edir. “Neftçilərin hüquqlarını müdafiə komitəsi”nin rəhbəri, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı Azadlıq Radiosuna müsahibəsində növbəti faciə haqqında fikrini bildirib.

Sual: Təəssüf ki, bu ilin sonu yenə neft istehsalı sahəsində faciə ilə yadda qaldı. Sizcə, baş verən hadisənin əsas səbəbi nədir: hava şəraiti, texniki təhlükəsizliyə riayət olunmaması, inkişaf etdirilməmiş köhnə infrastruktur, yoxsa rəhbər heyətin bədnam səriştəsizliyi?

Cavab: Cəzasızlıq. Axı son bir neçə ildə SOCAR şirkətinin platformalarında qəzaların sayının xeyli artmasına baxmayaraq, ictimaiyyətin faciələrin səbəbləri və mühüm problemlərin həlli haqqında kifayət qədər məlumatı yoxdur. Məsələn, ötən il guya “Azneft” İstehsalat Birliyinin “28 may” Neft-qaz Hasilatı İdarəsinin “Günəşli” yatağının 10 saylı platformasında yanğının səbəblərinin araşdırılması üzrə xüsusi Dövlət Komissiyası yaradıldı. Amma ictimaiyyətin hələ də bu Komissiyanın qərarı ilə tanış olmaq imkanı yoxdur. Və heç kim lazımi cəzasını almayıb. Ötən gecə Nəriman Nərimanov adına NQHİ-nin birinci neft mədənində baş verən, 10 neftçinin itkin düşməsi ilə nəticələnən qəza isə 2014-cü ildə həmin İdarədə 5 nəfərin həlak olduğu 3 fövqəladə hadisədən sonra heç kimin cinayət məsuliyyətinə cəlb edilməməsi təcrübəsinin acınacaqlı davamıdır. Bu gün dənizə uçan estakada 1970-ci ildə tikilmişdi. Cüzi “kosmetik” təmir işlərini nəzərə almasaq, o, əsaslı şəkildə təmir edilməyib. NQHİ-nin balansında qurğunun qəza vəziyyətində olduğu qeyd edilmişdi. O, uçarkən içərisində neftçilər olan köşkün yerləşdiyi iş meydançasının ona bitişik hissəsini də “arxasınca aparıb”. Burada hər şeydən əlavə, qəza vəziyyətində olan estakadada insanların təhlükəsizliyini birbaşa riskə atmaqla necə köşk tikmək olardı və bu cür qərar çıxaranlarla bağlı hansı tədbirlər görüləcək?

Sual: Baş verənlərlə bağlı “əvvəl” və “sonra” olan vəziyyət haqqında hansısa son eksklüziv xəbərləriniz var?

Cavab: “Əvvəl”lə bağlı birinci sualda artıq cavab verdim. “Sonra”ya gəlincə, yalnız onu bilirəm ki, neftçilərin axtarışı davam etdirilir. Amma qorxuram, onları xilas etmək şansı minimuma bərabərdir.

Sual: Sizin apardığınız monitorinq nəticəsində müəyyən edilib ki, son illər ərzində faciələrdən sonra zərərçəkmişlər və onların ailələri qarşısında öhdəliklərin tam həcmdə yerinə yetirildiyi müəyyən edilib?

Cavab: Zərərçəkmişlər və onların ailələri qarşısında ən mühüm öhdəlik neftçilərin əmək şəraiti üçün təhlükəsizlik qaydalarına riayət olunması idi. Bu, Əmək Məcəlləsində əksini tapıb. SOCAR şirkəti isə bu qanunvericiliyi pozub.

Sual: Neft sektorunda təhlükəsizliyin təmin edilməsi üzrə tərəfinizdən hansısa konkret qanunverici təşəbbüslər olub və ya planlaşdırılır?

Cavab: Komitəmiz dəfələrlə Azərbaycan Əmək Məcəlləsinə dəyişikliklər haqqında Milli Məclisin sosial siyasət komissiyasına təkliflər göndərib. Amma yarım il keçsə də, biz hələ də heç bir cavab almamışıq. Bundan başqa, qeyri-hökumət təşkilatlarının müvafiq qanunverici aktlara əlavə və dəyişikliklərin edilməsi ilə bağlı müzakirələrə sadəcə olaraq dəvət olunmaması təcrübəsi mövcuddur.

Həmid Xaliq

ŞƏRHLƏR

 





(ru) Все права защищены! 2007 - Contact online news : При использовании материалов активная гиперссылка на www.contact.az обязательна
(en) All rights reserved! 2007 - Contact online news : When reprinting, active hyperlink on www.contact.az required.
 
Powered by © Contact Online news, 2007 - 
Email: editor.contact.az@gmail.com