AZ

RU

EN





 
Analitika 2015
Müasir çağırışlar  və Azərbaycan

Müasir çağırışlar və Azərbaycan

2015 Fevral 25 ( Şəmbə )  18:41:12
English Русский 

Son bir ilin hadisələri postsovet məkanında, demək olar ki, dondurulmuş və ya çox yavaş irəliləyən bir çox prosesləri, o cümlədən siyasi və iqtisadi islahatları və keçmiş sovet respublikalarının dünya siyasi-iqtisadi məkanına inteqrasiyasını sürtləndirdi.

Rusiyada qlobal böhran, Ukraynada müharibə, neft qiymətlərinin düşməsi bütün postsovet ölkələri, o cümlədən Azərbaycan üçün Qərbyönlü dəyişikliklərin katalizatoru oldu.

 

 

SSRİ-nin dağılmasından sonra yeni dünya quruluşunun formalaşması

1991-ci ilin dekabrında Sovet İttifaqının dağılması geosiyasi meydanda keyfiyyətcə yeni vəziyyət yaratdı. Mərkəzi ABŞ olan birqütblü dünya formalaşmağa başladı. Həmin andan etibarən Rusiyanın maddi-maliyyə imkanlarının tükənməsi üzündən iştirakını təmin edə bilmədiyi  region və ölkələrdə ABŞ durumu yenidən formatlamağa başlayır.

ABŞ-ın iştirakının təsdiqini tapdığı və genişləndiyi əsas istiqamət Avrasiya regionu, o cümlədən keçmiş SSRİ, Mərkəzi Asiya və Yaxın Şərq idi. Amerika xarici siyasi doktrinası nöqteyi-nəzərdən Avrasiya üzərində nəzarət ABŞ-ın bütün dünyada maraqlarının həyata keçirilməsini təmin edir. Bu maraqlar sabitlik, ölkə, region və dünya səviyyəsində əmək bölgüsü, bu dünya quruluşunun iştirakçılarından hər birinin imkanları və bacarıqları çərçivəsində çiçəklənmə kimi komponentlərdən ibarətdir. Bu məsələdə geniş orta sinif təbəqəsi və istehsal edilmiş milli sərvətlərin tarazlaşdırılmış şəkildə paylanması ilə səciyyələnən istehlak cəmiyyətinin yaradılması əsas məqam olur. Məhz bu cəmiyyətlər həm mikrosəviyyədə (yerli), həm də transmilli səviyyədə (transmilli şirkətlər) istehsal və xidmət sahələrinin inkişafını təmin edir. İnkişaf etmiş, əsaslı istehlak cəmiyyəti mal və xidmətlərə olan tələbat vasitəsilə onların istehsalının katalizatoru olur.

Dünyanın ayrı-ayrı regionlarında artıq belə cəmiyyətlər mövcuddur və onlar hamısı yüksək səviyyədə demokratiya, şəffaflıq və parlament idarəetmə üsulu ilə səciyyələnir. Yəni, belə vəhdət sistemi, praktiki olaraq, sabitliyə, inkişafa və çiçəklənməyə zəmanət verir. Məsələn, ərazisi və əhalisi çox olmayan Skandinaviya ölkələri kimi.

Belə bir dünyada qanunvericilik və dəyərlər nöqteyi-nəzərdən stabil və proqnozlaşdırılan münasibətlər beynəlxalq hüquq və dəyərlər (şəxsiyyət hüquq və azadlıqlarına hörmət) hesabına təmin edilir.

Son nəticədə belə sistem və münasibətlərin inkişafı silah xərclərinin azalmasına gətirib çıxarır, vəsait və resursları bütün xalq və ölkələrin rifahının artırılmasına yönəltməyə imkan verir.

SSRİ-nin dağıldığı andan etibarən Birləşmiş Ştatlar bu dünya sisteminə daxil olan ölkələrin sayını xeyli genişləndirməyə müvəffəq olub (Şərqi Avropa). Son 25 il ərzində müxtəlif üsullarla – təkamül (buraya keçmiş sosialist düşərgəsi ölkələri aiddir) və hərbi vasitələrlə (Asiya və Yaxın Şərqin istibdad rejimləri) avtoritar rejimlərin dəyişdirilməsi uğrunda mübarizə gedir.

ABŞ 2020-ci ilə qədər bu yeni dünya düzəni iştirakçılarını maksimum genişləndirməyə, habelə maliyyə, maddi və təəssüf ki, insan itkilərini nəzərə almadan, gələcəkdə yeni ölkələrin cəlb edilməsi üçün baza yaratmağa çalışacaq. İş ondadır ki, SSRİ-nin dağılmasından sonra dünya iqtisadiyyatı bazarlara və mal və xidmət istehsalçılarının və istehlakçılarının şəxsində bazar iştirakçılarına yenidən baxılmasını tələb edən uzunmüddətli iqtisadi böhrana girib.  Müxtəlif dəyərləndirmələr və layihələr, ilk növbədə isə enerji layhiləri göstərir ki, bu böhran 2018-ci ildə yekunlaşacaq və bundan sonra yeni dünya iqtisadi yüksəlişinin indiyə kimi görünməmiş uzünmüddətli dövrü başlanacaq.

 Analitiklərin 2008-ci ildə açıqladığı və Exxon Mobil və British Petroleum şirkətləri tərəfindən 2012-ci ildə təsdiq edilmiş məlumatlara görə, 2020-ci ildən etibarən dünya iqtisadiyyatının tələbatı təxminən 40% artacaq, bunun 90%-dən çoxu inkişaf etməkdə olan ölkələrin payına düşəcək. Əlbəttə ki, bu yeni iqtisadi bumdan problemli avtoritar rejimlərin möhkəmlənmək üçün istifadə etməsi ABŞ-ın məqsədinə uyğun deyil. Yeni bum yeni demokratiya ölkələrində sürətli dəyişikliklərin, yeni dünya quruluşunun sürətlə formalaşdırılmasının və möhkəmləndirilməsinin katalizatoru olmalıdır. İqtisadi bum dövründə inqilablar və kataklizmlər dünya quruluşunun dəyişməsinin heç də ən yaxşı vasitəsi deyil, əksinə, onlar bu yolda real maneə ola bilər.

Rusiyanın rolu

Rusiya bir sıra səbəblərdən bu yeni siyasətin mühüm komponentidir:

1. O, zəngin yeraltı sərvətlərə malikdir, böyük sahəni əhatə edir

2. Keçmiş əlaltı ölkələrə və respublikalara təsir göstərir

3. Böyük nüvə, kimyəvi, bioloji və s. hərbi potensiala malikdir.

Rusiyanın hüquqi, demokratik dövlətə çevrilməsi onun ətrafında da eyni prosesi xeyli sürətləndirir, transmilli şirkətlər üçün sərvətlərə və bazarlara çıxış açır, nüvə və digər müharibə riskini azaldır.

Bu  vəzifələrə nail olmaq üçün Rusiyada sabitlik və islahatlar ABŞ üçün ölkənin təkamül yolu ilə dəyişdirilməsi işində mühüm və prioritet məsələdir. Rusiyanın ən yeni tarixinə baxsaq aşağıdakı təkamülü izləmək olar:

1. Yeltsin qeyri sabitlik dövrü – dövlət əmlakının özəlləşdirilməsi, bütün səviyyələri əhatə edən mülkiyyətçilər sinfinin, real fəaliyyət göstərən qiymətli kağızlar və mallar bazarının yaradılması, formalaşmış oliqarx qruplarının ölkə siyasətinə, hətta dövlətə və hökumətə təsiri, regionların siyasətinə mərkəzin təsirinin zəifləməsi, mərkəzdənqaçma meylləri.

2. Putin sabitləşmə dövrü – oliqarx və mərkəzdənqaçma meyllərinin zəifləməsi, mərkəzi hakimiyyətin və bütünlükdə hakimiyyətin rolunun möhkəmlənməsi, avtoritarizmin və Rusiyanın beynəlxalq aləmdə rolunun möhkəmlənməsi, vətənpərvərlik əhval-ruhiyyəsinin və millətin özünüidentifikasiyasının artması, məsələn, sovet dövlət atributlarının – orduda qırmızı bayrağın və SSRİ himninin qaytarılması. Digər tərəfdən, RF prezidenti Putin avtoritar rejimlərin – Yuqoslaviya, İraq, Liviyanın demontajı, energetika marşrutlarının müxtəlifləşdirilməsi, keçmiş sosialist ölkələrindəki boru kəmərləri üzərində nəzarətdən imtina, aparıcı neft şirkətlərinin Sibir və Arktika resurslarına çıxışı, istehlakçı malların istehsalı sahəsində birgə layihələr yaradılması və s. kimi mühüm beynəlxalq məsələlərdə güzəştlərə gedir.

Bu siyasi yenidənqurmada Rusiya obyektiv (dövlət sisteminin zəifliyi, korrupsiya, qeyri-neft sektorunun həddindən artıq inkişafdan qalması) və subyektiv xarakterli (daxili bazara xarici kapitalın sürətlə və kütləvi şəkildə daxil olduğu halda hakimiyyətin hərəkət suverenliyini itirmək qorxusundan irəli gələn yavaş islahatlar) mürəkkəb struktur problemləri yaşayır.

ABŞ öz növbəsində, islahatların tətbiq edilməsi şərtilə, sabitliyin təmin edilməsində  Rusiyaya yardım, o cümlədən maliyyə dəstəyi göstərir. Bu, Rusiya iqtisadiyyatının dövri böhranları - hərbi qarşıdurma, böhran, rus dünyası üçün təhlükə xarici əlbirliyin nəticəsi kimi təqdim edilən bir dövrdə xüsusən özünü göstərir. Putin dövründən nümunələr:

1. 1998-1999-cu illərin maliyyə-iqtisadi böhranı. Putinin hakimiyyətə gəlişi. 1999-cu ildə İkinci Çeçen Müharibəsinin başlaması.

2. 2008-2009-cu illərin maliyyə-iqtisadi böhranı. 2008-ci ilin avqustunda Gürcüstanla müharibə.

3. 2014-cü ilin və növbəti illərin maliyyə-iqtisadi böhranı. Ukraynada müharibə başlaması.

 Hər üç halda müharibə Rusiya rəhbərliyi üçün xilasedici dairə oldu. Təkcə hücum obyektinin deyil, həm də Qərb dünyasının şəxsində xarici düşmən obrazından istifadə edən ölkə rəhbərliyi cəmiyyəti daxili problemlərdən yayındırır və öz ətrafında birləşdirir. Hər dəfə belə müharibələr Putinin reytinqini 40% artıraraq, 80%-dən yuxarı həddə çatdırırdı ki, bu da böhran fonunda daxili sabitliyin qorunmasına imkan verir.

Öz növbəsində, ABŞ bu böhran və hərbi əməliyyatlardan Rusiya təcavüzünə məruz qalan ölkələrin cəmiyyətlərinin sürətlə Qərbə yönəlməsi üçün istifadə edirdi. İctimai rəy sorğuları göstərir ki, hərbi və informasiya müdaxiləsinin məhz bu dövründə ictimai əhval-ruhiyyədə Rusiyadan dezinteqrasıya, təcavüz “qurbanları”nın xilaskarı və müdafiəçisi rolunda çıxış edən  Qərbə inteqrasiya etmək kimi kəskin dəyişikliklər baş verir

Bu halda tərəflərdən hər biri – Rusiya da , ABŞ da , hücum “qurbanı” da öz məqsədinə çatır. Rusiya üçün bu, sabitlik, ABŞ üçün yeni dünya quruluşunun genişlənməsi, “qurban” üçün isə Qərbə yönəlməkdir.

Gözə çarpan mühüm məqamlardan biri odur ki, bu böhranların hər birində Rusiyaya qonşu olan keçmiş sovet respublikalarının Qərbə doğru yönəlməsi prosesi də sürətlənir. Bunu Rusiyadan asılı olan Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan və s. əməllərində görmək olar. Onlar Ukraynada hərbi əməliyyatların başlamasından dərhal sonra Qərbdən dəstək axtarmağa başlayıblar.

Elə həmin dövrdə ABŞ eyni zamanda Rusiya ilə də, “qurban”la da zəruri siyasi-iqtisadi islahatlar, onlara öz maliyyə və siyasi dəstəyi haqqında danışıqlar aparır. Həmçinin, Rusiya ilə resurs və bazarlara çıxışın genişləndirilməsi haqqında da danışıqlar aparılır. Son nəticədə Rusiya da, “qurban” da islahatlar üçün maliyyə dəstəyi və s.dəstək (enerji resurslarının qiymətlərinin bahalaşması, hərbi-sənaye kompleksi üçün sifarişlər və s.) alır.

Əvvəlki illərdə də belə idi, indi də belədir. Ukrayna artıq razılaşdırılmış əsaslı və sürətli islahatlar paketi üçün zəruri məsləhətləri və 40 mlrd.-dan çox maliyyə yardımı alıb.

Ukraynanın Şərqində böhranın həlli üzrə sülh prosesinin başlamasından sonra ABŞ və Avropa Birliyinin Rusiya ilə islahatların dəstəklənməsi və Qərb kapitalının daxil olması, habelə Rusiyanın qərb məkanına inteqrasiyası üçün yeni şərait yaradılması haqqında danışıqların başlayacağını gözləmək lazımdır.

Rusiya rəhbərliyi artıq 2015-2018-ci illər üçün islahatlar paketi üzərində işləyir. Bu islahatların Qərb institutlarının maliyyə və s. yardımları ilə möhkəmlənəcəyini gözləmək lazımdır.

Yeni dünya quruluşunda Azərbaycan

SSRİ-nin dağılmasından sonra Azərbaycan bütün rejimlərdə tarixi keçmişinə - Azərbaycan Demokratik Respublikasına üz tutaraq, ABŞ və Qərbi Avropa ilə münasibətlərini möhkəmləndirməyə çalışıb. Ölkə MDB-də iştirakla kifayətlənərək, Rusiyanın rəhbərlik etdiyi hər hansı hərbi-siyasi və ya iqtisadi birliyə daxil olmayıb. 1994-cü ildə Azərbaycan enerji resursları və boru kəmərləri üzərində nəzarəti Qərb şirkətlərinə verib, NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramının üzvü olub, 1997-ci ildə Avropa İttifaqı ilə inteqrasiya sazişi imzalayıb, 2000-ci ildə Avropa Şurasına daxil olub, 2004-cü ildə Aİ-nin Qonşuluq Siyasətinin üzvü olub, daha sonra 2008-ci ildə Aİ-nin “Şərq Tərəfdaşlığı” proqramının üzvü olub, bu il Aİ ilə “Strateji müasirləşmə haqqında” xüsusi saziş imzalamağa hazırlaşır, Avropanın enerji təhlükəsizliyi və Avropa-Asiya nəqliyyat dəhlizi layihəsində fəal iştirak edir.

Azərbaycan 1994-cü ildə Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə Rusiyanın birtərəfli vasitəçilik təkliflərindən imtina edib və tənzimlənmə məsələsini ATƏT-ə həvalə edib.

Bununla belə, daxili siyasətdə, xüsusən 2003-cü ildən etibarən, rejim ardıcıl olaraq ölkədə demokratiya toxumlarını: söz azadlığını, siyasi və iqtisadi fəaliyyət azadlığını, vətəndaş cəmiyyətini məhv edib.

Böyük neft pullarının gəlməsi ilə siyasi hakimiyyətin və kapitalın birləşməsi güclənib, kapitalın məmur elitasının əlində cəmləşməsi başlayıb. 90-cı illərin azad iqtisadiyyat rüşeymləri məhv edilib. İqtisadiyyatda kölgə bazarının payı, dövlət vəsaitlərinin talan edilməsi xeyli artıb.

Dünya ilə münasibətlərdə hakimiyyət qeyri-neft sahəsinə xarici kapital daxil olması üzrə bütün cəhdlərin qarşısını almaq kursu götürüb.

Hakimiyyətin strategiyası əsasən kapitalın maksimum cəmləşməsi, xarici oyunçuların daxili siyasətə təsirinə yol verilməməsi, bu yolla ölkənin Qərb birliyinə real inteqrasiyasının başlanması və Yeni Dünya düzənində öz yerini tutana qədər avtonom rejimdə sabit və daha az risklə idarə olunmasını təmin etmək üçün iqtisadiyyat üzərində total nəzarət ideyasına əsaslanıb.

Bu siyasət neft qiymətlərinin yanlış proqnozlaşdırılmasına əsaslanıb. Bütünlüklə  neftdən asılı olan ölkələri 8 il öncə bir barel neftin qiymətinin 100 dollardan aşağı enməyəcəyinə inandırıblar.  Bu gün neft dollarlarının hesablanması özünü doğrultmadı. Ölkə uzunmüddətli böhrana qədəm qoyur, bu böhrandan yalnız prioritetlərin konseptual olaraq dəyşdirilməsi kimi çıxış yolu var, Bu, aşağıdakılardan ibarət olmalıdır:

1. Ölkənin ən ağrısız şəkildə böhrandan çıxarılması üçün yeni şəraitdə siyasətin formalaşdırılması məqsədilə hakimiyyət və cəmiyyətin dialoqu.

2. Hökumət, cəmiyyət və beynəlxalq ictimaiyyətin iştirakı ilə anti-böhran proqramının yaradılması.

3. Siyasi və iqtisadi plüralizm üçün şərait yaradılması.

4. Siyasi və iqtisadi islahatlar.

5. Qanunun aliliyinin təmin edilməsi.

6. İnhisarların aradan qaldırılması və bütün sahələrdə rəqabətin təşviq edilməsi.

7. Xarici investisiyaların cəlb edilməsi üçün əlverişli və şəffaf şərait yaradılması.

8. İqtisadiyyatın tamamilə leqallaşdırılması.

9. Biznesə təzyiqə son qoyulması.

10. Azərbaycanın Aİ-yə daxil olması üzrə ardıcıl siyasət həyata keçirilməsi.

11. 2018-ci ildə ölkədə azad prezident seçkilərinin keçirilməsi və parlament idarəetmə formasına keçid.

Rejim bu istiqamətdə artıq müəyyən addımlar atır. Siyasi partiyalar və ABŞ-la dialoqun başlaması buna dəlalət edir. Bu addımlar hakimiyyətin yaranmış təhlükələri adekvat dərk etdiyini göstərir. Lakin cəmiyyət islahatlar prosesini sürətləndirmək və dönməz etmək üçün ardıcıl və qətiyyətli olmalıdır.

Turan Analtik Xidməti

ŞƏRHLƏR

 





(ru) Все права защищены! © 2007 - Contact online news : При использовании материалов активная гиперссылка на www.contact.az обязательна
(en) All rights reserved! © 2007 - Contact online news : When reprinting, active hyperlink on www.contact.az required.
 
Powered by © Contact Online news, 2007 - 
Email: editor.contact.az@gmail.com