Vətəndaş Cəmiyyəti Müdafiə Komitəsinin 2015-ci ildə

Azərbaycanda insan haqlarının vəziyyətinə dair

 

Yekun Hesabatı

Vətəndaş Cəmiyyətinin Müdafiə Komitəsi haqqında qısa arayış:

Son illər Azərbaycanda Qeyri-hökumət təşkilatları siyasi hakimiyyət tərəfindən ciddi təzyiqlərə məruz qalmış, hətta qanunvericilikdə belə bu sahədə xüsusi sərtləşmələr edilmiş, dəyişikliklər qəbul edilmişdir. Bu təzyiqlərin ictimailəşdirilməsi, təzyiqlərlə bağlı geniş ictimaiyyətin maarifləndirilməsi, eyni zamanda təzyiqə məruz qalan Vətəndaş Cəmiyyəti üzvlərinin müdafiəsinin təşkil edilməsi üçün 30.12.2013-cü ildə bir qrup Qeyri-hökumət təşkilatlarının rəhbərləri tərəfindən "Azərbaycan Vətəndaş Cəmiyyəti Müdafiə Komitəsi" yaradılıb. Azərbaycanda VCMK-ni təmsil edən QHT-lər təhsil, səhiyyə, iqtisadiyyat, politologiya, insan haqları və digər sahələrdə uğurlu fəaliyyət göstərib və Avropa Şurası tərəfindən yüksək dəyərləndirilib. VCMK-nin noyabr toplantısında qərara alınıb ki, insan haqlarına dair hesabat hazırlansın. 2016-cı ilin əvvəlində yerli və beynəlxalq ictimaiyyətə geniş yayılsın. Hesabatda beynəlxalq qanunlar və Azərbaycan Konstitusiyasının maddələri əsas tutulub.

Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı bu hesabat hazırlanarkən İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi haqqında 1950-ci il Avropa Konvensiyasının maddələri ilə uyğunluq əsas götürülüb. İnsan Hüquqları və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyası İnsan haqları ilə bağlı Azərbaycan Respublikasının tərəfdar çıxdığı ən önəmli beynəlxalq Konvensiyalardan biridir.

İnsan Hüquqları və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyası (Avropa İnsan Haqları Konvensiyası, 1950) Avropa Şurası üzvü olan ölkələr üçün əsas normativ hüquqi aktlardan biridir. Azərbaycan bu Konvensiyanı 2001-ci ilin dekabr ayında ratifikasiya edib. 2002-ci il aprelin 15-dən Konvensiya Azərbaycan ərazisində qüvvəyə minib (işğal edilmiş ərazilər istisna olmaqla). Bununla Azərbaycan Konvensiyanın və onun protokollarının verdiyi haqları, o cümlədən hər kəsin ifadə azadlığını öz yurisdiksiyası altında olan ərazilərdə təmin edəcəyi barədə öhdəlik götürüb, Avropa İnsan Haqları Məhkəməsinin yurisdiksiyasını, deməli həm də Konvensiya ilə bağlı Məhkəmənin presedent hüququnun ölkə daxilində tətbiq edilənliyini qəbul edib.

Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsi presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Həmin qərarda göstərilir ki, bütün insanlar heç bir ayrı-seçkiliyə yol verilmədən əsas hüquq və azadlıqlara malikdirlər. Bu əsas hüquq və azadlıqlar aşağıdakı kimi müəyyənləşdirilib:

+ 1. Yaşamaq hüququ (Maddə 2)

+2. Qanunsuz Cəzalandırılmamaq

+ 3. İşgəncələrin qadağan edilməsi (Maddə 3)

4. Ədalətli məhkəmə araşdırması hüquqları (Maddə 6)

+ 5. Şəxsi və ailə həyatına hörmət hüququ (Maddə 8)

+ 6. Fikir, vicdan və din azadlığı (Maddə 9)

+ 7. Fikri ifadə etmək azadlığı (Maddə 10)

+ 8. Yığıncaq və birləşmək azadlığı (Maddə 11)

+ 9. Fərdi şikayətlər (Avropa İnsan Hüquqları Məhkəməsinə Maddə 34)

+ 10. Sosial-iqtisadi hüquqlar - Mülkiyyətin müdafiəsi (İH ƏA MH konvensiyaya dair Protokol - Maddə 1)

+ 11. Təhsil hüququ (İH ƏA MH konvensiyaya dair Protokol - Maddə 2)

+ 12. Hərəkət etmək azadlığı (İH ƏA MH konvensiyaya dair 4 saylı protokol - Maddə 2)

+13. Vətəndaşlıq və siyasi hüquq azadlıqları

+ 14. Azad seçki hüququ

+ 15. Köçkünlərin haqları

 

İnsan haqlarının 2015-ci ildəki durumu

İnsan haqlarına dair Azərbaycanda ümumi vəziyyətinə qiyməti dair hüquqşünas Ələsgər Əhmədoğlunun rəyi:

Müqayisə üçün son iyirmi ili götürsək, 2015-ci il insan hüquq və azadlıqlarının vəziyyətində daralma prosesi genişlənib. Yəni 2014-cü ilə olan bir çox məhdudiyyətlər 2015-ci ildə tamamlandı və müxtəlif sferalara yeni məhdudiyyətlər tətbiq edildi. Təəssüf ki, bu il cəmiyyət daha demokratik islahatların aparılmasını gözləyirdi, amma olmadı. Hüquq və azadlıqların fundamental hissəsi sayılan sərbəst toplaşmaq və birləşmə azadlığı, ifadə azadlığı, yaşamaq azadlığı, mülkiyyət azadlığı barəsində problemlərin bitəcəyini gözləyənlərin ümidlər puça çıxdı. Bu məsələlərin qanunvericilik bazasında, eləcədə praktik olaraq tətbiqində xeyli dərin problemlər yaradıldı. Hətta vicdan azadlığı kontekstində məsələyə yanaşdığımızda anti-konstitusion daralmalar müşahidə olundu.

Ümumi götürdükdə, 2015-ci il gələcəkdə qaçırılmış fürsət ili kimi dəyərləndiriləcək. Çünki ötən il bir dönüş ili ola bilərdi. Cəmiyyətin ayrı-ayrı təbəqələri ilə bir barış mədəniyyətinin başlanğıc ili ola bilərdi. Təəssüf ki, biz bunu ötən il görə bilmədik.

 

Vətəndaş Cəmiyyətinin vəziyyəti

Vətəndaş Cəmiyyətinə təzyiqlərlə bağlı hüquqşünas Ziya Quliyevin rəyi:

Son iki ildə Azərbaycanda QHT-lərin fəaliyyətini bir çox proseslərlə əlaqələndirmək olar. Əsasən əlbəttə ki, üçüncü sektorun funksiyalarını qanunvericiliyin dəyişdirilməsi ilə əsaslı dərəcədə məhdudlaşdırılmasını qeyd etməliyik. Burada 2013-cü ilin dekabrında qəbul edilmiş qeyri-hökumət təşkilatlarının fəaliyyətini tənzimləyən qanunvericiliyə dəyişikliklər (QHT-lər tərəfindən alınan qrantların Ədliyyə Nazirliyində qeydiyyatdan keçirilməsi, alınan qrantları qeydiyyatdan keçirmədikdə onunla bağlı bank əməliyyatını və ya hər hansı digər əməliyyatı həyata keçirməyə qoyulan qadağa red.) çox mənfi addım kimi qiymətləndirilmişdir. Bu qanun dəyişikliyi ölkədə fəaliyyət göstərən beynəlxalq təşkilatların, yerli QHT-ləri maliyyələşdirən fondlarının da fəaliyyətinə təsir göstərməkdədi.

Digər tərəfdən QHT-lər 2013-cü ildən sonra mülkiyyət hüquqları, siyasi hüquqlar, ictimai iştirakçılıqla bağlı mövzularda bir sıra uğurlu layihələr həyata keçirmişlər. Lakin 2015-ci ildə biz bu layihələri görə bilmədik. Buna səbəb birbaşa maliyyə məsələləridir. QHT-lər yalnız dövlət tərəfindən maliyyələşməklə məhdud duruma düşüblər. Ötən il çox az sayda QHT aktiv fəaliyyət göstərə bilib. Təşkilatlar monitorinqlərin aparılması, siyasi hüquqların müdafiəsi ilə bağlı hesabatların hazırlanması kimi işləri könüllü əsaslarla həyata keçirə biliblər.

Son 5 il ərzində Azərbaycandan Avropa Məhkəməsinə birləşmək azadlığının pozulması ilə bağlı yüzlərlə müraciət gedib. Artıq kifayət qədər qərarlar çıxarılıb. Bu qərarlarda ölkə qanunvericiliyinin dəyişdirilməsi, standartlara uyğunlaşdırılması kimi tövsiyyələr var. Birləşmək azadlığının Konstitusiyamızın 58-ci maddəsinə əsasən siyasi hüquq olaraq təsdiq olunur, eyni zamanda Avropa İnsan Hüquqları Konvensiyasının 11-ci maddəsində də bu qeyd olunub.

Eyni zamanda Venesiya Komisiyyasının son iki tövsiyyəsində diqqət insan haqlarının məhdudlaşdırılmasına yönəldilmişdi.

Hər şey ölkədə siyasi proseslərin gedişindən və iqtisadi inkişafın tempindən asılıdır. Son zamanlar ölkədə siyasi və iqtisadi müstəvidə böhran yaşanır. Bu səbəblərdən 2016-ci ildə ötən ilə nisbətən daha yumuşaq atmosfer hiss oluna bilər. Çünki ölkəyə Avropa institutlarından təzyiqlər var. Misal üçün, İlqar Məmmədovun işi ilə bağlı Avropa Məhkəməsinin hələ də icra olunmayan qərarları var. Bununla bağlı Avropa Şurasının və Avropa Parlamentinin qətnamələri var və orda insan hüquqlarının vəziyyətinin düzəldilməsi, siyasi məhbusların azadlığa buraxılması, QHT-lərin fəaliyyətini tənzimləyən qanunların təkmilləşdirilməsi kimi çağırışlar vardır.

Vəziyyət belə ağır davam edə bilməz, əks halda QHT-lər daha çox basqı altında olacaq. Onsuz hakimiyyət QHT-lərin ətrafında olan böhran, QHT rəhbərlərinin həbsinə görə beynəlxalq ictimaiyyətdə tənqid olunur. Bu hal çox davam edə bilməz. Ona görə ümid edirəm ki, bu il Azərbaycan hakimiyyəti daha yumşaq siyasət aparacaq".

 

1. Yaşamaq hüququ (Maddə 2)

İnsan hüquqlarının müdafiəsində beynəlxalq mexanizmlərin rolu

Azərbaycan Respubikası müstəqillik əldə etdikdən sonra beynəlxalq hüququn subyekti kimi bir sıra beynəlxalq müqavilələrə tərəfdaş olmuş, beynəlxalq təşkilatlara qoşularaq bir sıra hüquqlar və öhdəliklər əldə etmişdir. Şübhəsizdir ki, Azərbaycan 1992-ci idlə BMT-yə üzv olan zaman onun qarşısında duran öhdəliklər yalnız dövlətlərarası münasibətləri yaxşılaşdırmaq və dünya birliyinə inteqrasiya ilə məhdudlaşmayacaqdı.

BMT çərçivəsində qəbul edilmiş və dövlətlər tərəfindən ratifikasiya edilmiş bir sıra beynəlxalq Pakt və Konvensiyalar dövlətlər qarşısında vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi və bu vəzifədən irəli gələn siyasi və hüquqi mühitin yaxşılaşdırılması kimi mühüm təminatları da tələb edir. İnsan hüquqları haqqında Ümumi Bəyannamə qəbul edilən zaman bir sıra mühüm müddəalar İnsan hüquq və azadlılarına hörmətin və onun müdafiəsinin təminatçısı kimi bərqərar edilməsini ilk dəfə müəyyən etmişdir. Şübhəsiz ki, Bəyannamənin 1-ci maddəsində qeyd olunduğu kimi bütün insanlar ləyaqət və hüquqlarına görə azad və bərabər doğulurlar anlayışı BMT üzv dövlətlərdə hökumətlərin insan və vətəndaşlara münasibətdə siyasi ismarıc göndərir.

Azərbaycan 1992-ci ildə həm İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Pakta, həm də eyni zamanda Vətəndaş və siyasi hüquqlar haqqında Beynəlxalq Pakta qoşularaq onu ratifikasiya etmişdir. Bundan əlavə, Milli Məclis 2001-ci ildə Vətəndaş və siyasi hüquqlar haqqında Beynəlxalq Pakta birinci Fakültətiv Protokolunu ratifikasiya edərək bu pakt çərçivəsində müəyyən edilmiş şikayət mexanizmlərini və bu fakültətiv protokolla yaradılmış BMT-nin İnsan Hüquqları Komitəsinin fərdi şikayətlərin qəbulu ilə bağlı imkanını da tanımış olmuşdur. Təbii ki, bu Paktı ratifikasiya etmiş dövlətlərin vətəndaşları Paktda olan vətəndaş və siyasi hüquqların pozuntusu qurbanı olan şəxslər Komitə ilə fərdi kommunikasiya qurmaq hüququ əldə edir. Bu pakta qoşulmuş dövlətlər Komitəyə mütəmadi olaraq vətəndaş və siyasi hüquqların müdafiəsi və həyata keçirilməsi ilə bağlı dövri hesabat göndərmək öhdəliyi daşıyırlar. Adətən Komitə ildə bir dəfə toplaşaraq növbəlilik üzrə dövlətlərin hesabatını müzakirə edir və tövsiyələr qəbul edirlər. Bundan əlavə, komitə paktın 41-ci maddəsinə müvafiq olaraq dövlətlərarası şikayətləri də nəzərdən keçirir.

Qeyd etmək zəruridir ki, bu il 17 Oktyabr-4 Noyabr tarixləridə Cenevrədə keçiriləcək BMT-nin İnsan Haqları Komitəsinin növbəti 118-ci Sessiyasında Azərbaycanın da hesbatını nəzərdən keçirəcəklər. Son belə hesabat 2009-cu ildə nəzərən keçirilib və Vətəndaş və Siyasi hüquqlar barədə bir sıra mühüm təkliflər verilmişdir. Onu da qeyd etmək zəruridir ki, 2009-cu ildən 2015-ci ilin sonuna olan dövr üçün Azərbaycanın həm siyasi, həm də hüquqi islahatların aparılması baxımından müsbət nəaliyyətlərə nail olmasını qeyd etmək doğru olmazdı. Məsələn, 2009-cu ilin yekun tövsiyələrində[1] komitə qeyd edir ki, hesabat dövründə ombudsman aparatı tərəfindən qəbul edilmiş və baxılmış şikayətlər barədə ətraflı məlumatların və statistik göstəricilərin olmaması dərin narahatçılıq yaradır. Bu eyni zamanda, həmin şikayətlərin nəticəsi barədə məlumatların olmaması fonunda Ombudsmanın tövsiyyələrinin yoxluğunu da ehtiva edir. Bunun nəticəsi olaraq, komitə tövsiyə edir ki, hökumət hər bir şikayət üzrə həyata keçirilən fəaliyyət barədə məlumat verməldir.

Digər narahat edici məsələ qadınlara qarşı zorakılıq faktları olmuşdur, bura eyni zamanda məişət zorakılığı da daxildir. Bununla bağlı Komitə qeyd etmişdir ki, zorlama faktı ilə bağlı çox az sayda faktlar polis tərəfindən qeydiyyata alınmışdır. Eyni zamanda, narahatçılğı doğuran digər məsələ məişət zorakılığına məruz qalmış şəxslər üçün kifayət qədər sayda sığınacaqların olmaması qeyd olunmuşdur.

Vətəndaş və Siyasi hüquqların qorunması baxımından Komitənin bir sıra mühüm tövsiyələri olmuşdur. Belə ki, Milli Təhlükəsizlik Nazirliyinin tərkibində olan İstintaq təcridxanasının mövcudluğu, onun Ədliyyə Nazirliyinin tərkibində olmaması çox ciddi narahatçılıq yaradan fakt olmuşdur. Dövlətə tövsiyə olunmuşdur ki, bu təcridxana bağlanılaraq onun Ədliyyə Nazirliyinin tabeliyinə verilməsi həyata keçirilsin. Təəssüf ki, 2016-cı ilin əvəlinə olan məlumat onu göstərir ki, bu təcridxana hələ də Dövlət Təhlükəsizlik Xidmətinin tabeliyindədir (keçmiş Milli Təhlükəsizlik Nazirliyi).

 

2. Qanunsuz Cəzalandırılmamaq

Siyasi məhbus siyahısı

Azərbaycanda illərdir ki, hakimiyyətin fərqli fikrə dözümsüzlüyünü görürük. Bu dözümsüzlük, əsasən fərqli fikirli insanların, jurnalistlərin, siyasətçilərin, aktivislərin sifarişli həbsləri ilə özünü biruzə verir. Siyasi sifarişlə həbs olunan şəxslərə əsasən aşağıdakı maddələrlə ittiham oxunur: Siyasi məhbuslara qarşı irəli sürülən ittihamlara daha çox hakimiyyəti zorla ələ keçirmə (Maddə 278), hakimiyyət nümayəndəsinə müqavimət (Maddə 315), iğtişaşların təşkili və iştirak (Maddə 220.1), Qanunsuz dini təbliğat (Maddə 167), Qanunsuz silah gəzdirmə (Maddə 228), Narkotika maddələri saxlama, satma (Maddə 234), Xuliqanlıq (Maddə 221), Vergidən yayınma (Maddə 213) və s. daxildir. Bu maddələrlə irəli sürülən ittihamların əksəriyyəti siyasi çalarları özündə əks etdirən və ya son zamanlar daha çox ictimai-siyasi fəallara qarşı irəli sürülən ittihamlardır.

Bir neçə ildir ki, Azərbaycanda siyasi məhbusların siyahısı hazırlanır. Siyasi məhbusların vahid siyahısını hazırlayan İşçi Qrup bəyan edir ki, sonuncu dəfə - bu ilin may ayından siyasi məhbus siyahısı yenilənəndən sonra 80 nəfərlik siyahıda adları olan şəxslərdən 3 nəfər azadlığa çıxıb. Buna görə də onların adı siyahıdan çıxarılıb. Amma siyasi məhbusların vahid siyahısı ikinci dəfə (may ayında) hazırlanıb ictimaiyyətə təqdim ediləndən sonra da siyasi motivli həbslər davam edib. İşçı Qrupu yeni həbs edilənlərin siyasi məhbus olub-olmaması ətrafında müzakirələr və araşdırmalar aparıb. Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 3 oktyabr 2012-ci il tarixli 1900 saylı Qətnaməsində təsbit edilmiş kriteriyalara görə siyasi məhbus hesab edilən 16 nəfərin adını qeyd olunan siyahıya əlavə edib və daha bir neçə nəfərin həbsinin motivləri ilə bağlı araşdırmalar davam etdirilir. Beləliklə, yenilənmiş siyasi məhbusların vahid siyahısına 93 nəfər siyasi məhbusun adı daxildir. Qeyd edək ki, siyahıya adları salınan bəzi şəxslərin ailə üzvləri onların işinin siyasiləşməsinin, adlarının siyahıya salınmasının əleyhinə olsalar da, İşçi Qrupu apardığı müşahidə və araşdırmalara əsasən həmin şəxslərin həbsini siyasi motivli hesab edib və onların da adlarını siyahıya əlavə edib. Siyahıya əlavə edilən şəxslər bunlardır: Zahidov Rüfət Fərasət oğlu - jurnalist Qənimət Zahidin qardaşı oğlu. Zahidov Rövşən Ağazahid oğlu - jurnalist Qənimət Zahidin qohumu. Həsənov Tofiq Xasay oğlu satirik şair. Ağabəyov Nazim Mais oğlu Meydan TV-nin rəhbəri Emin Millinin qaynı. İmanov Raci Vəzir oğlu yazar Günel Mövludun qardaşı. İmanov Vəkil Vəzir oğlu - yazar Günel Mövludun qardaşı. Həsənli Günel Cəmil qızı Milli Şuranın sədri Cəmil Həsənlinin qızı. Qərhəmanlı Fuad Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini. İbrahim Məmməd Əziz oğlu AXCP sədrinin müşaviri. Bağırzadə Zeynalabdin Bağır oğlu AXCP-nin Naxçıvan fəalı. Mahmudov Nazim Əzim oğlu AXCP-nin Naxçıvan fəalı.

Qeyd edək ki, hüquq müdafiəçisi Leyla Yunus, onun həyat yoldaşı politoloq Arif Yunus azadlığa çıxdıqları üçün onların adları siyahıdan çıxarılıb. Müsəlman Hərəkatı Birliyinin rəhbəri, ilahiyyatçı Tale Bağırzadə bu ilin iyul ayının 30-da azadlığa çıxsa da, noyabrın 26-da Daxili İşlər Nazirliyi tərəfindən Bakı şəhərinin Nardaran qəsəbəsində keçirilən xüsusi əməliyyat zamanı yenidən həbs edilib. Onunla yanaşı 30-dan çox şəxsin həbs edildiyi, həbs edilən zaman onlara, xüsusilə də Taleh Bağırzadəyə işgəncələr verildiyi bildirilir. Bu işlə bağlı rəsmi qurumlar tərəfindən obyektiv məlumat verilmədiyi, vəkilinin Taleh Bağırzadə ilə görüşməsinə şərait yaradılmadığı üçün baş verənlərlə bağlı İşçi Qrupu ətraflı məlumat toplaya bilməyib. İşçi Qrupu Tale Bağırzadənin işini ciddi nəzarətdə saxlayır və bu işlə bağlı müşahidələrini, araşdırmalarını davam etdirir. Onun işi üzrə başlanmış ilkin məhkəmə iclaslarında Taleh Bağırzadə təcridxanada işgəncəyə məruz qaldığını bildirmiş və tələb etmişdir ki, məhkəmə bu işgəncə hadisəsini araşdırmaq barədə qərar qəbul etsin. Hakim müttəhimin və onun vəkilinin işgəncə hadisəsinin araşdırılması barəsində qaldırdığı vəsatəti təmin etməmişdir. Qeyd: Azərbaycanda hüquq müdafiəçiləri arasında iki siyasi məhbus siyahısı mövcuddur. Bunların fərqi siyahıların birində həbs olunmuş islamçıların adlarının qeyd edilməməsidir. Onlar üçün ayrıca siyahı tərtib edilib. Onların istintaqı və məhkəmə araşdırmalarının obyektiv və ədalətli keçirilməsi tələb olunur.

 

 

Şəkildə gördüyünüz hakimlər sivil toplum aktivistlərinə qarşı sifarişli məhkəmə qərarları çıxaran hakimlərdir. Biz bu nəticiyə keçirdiyimiz sorğu nəticəsində gəlmişik. Bu hakimlər digər işlərində də ədalətsiz qərarlar çıxarır. Hökümətin siyasi məhbus məsələsinə əks arqumentləri bunlardır Azərbaycanda siyasi məhbus yoxdur. Siyasi məhbus iddialı siyasi məsələ deyil, hüquqi məsələdir və həmin iddialara baxılması milli məhkəmə instansiyalarının, daha sonra son mərhələ kimi Avropa İnsan Hüquqları Məhkəməsinin səlahiyyətlərinə aiddir. Azərbaycan 2001-ci ildə İnsan Hüquqlarına dair Avropa Konvensiyasını ratifikasiya edib və Konvensiyanın müddəalarına əsasən, hüquqlarının pozulduğunu iddia edən hər hansı bir şəxs Avropa İnsan Haqları Məhkəməsinə müraciət edə bilər; Avropa Şurasının 47, Avropa İttifaqının isə 27 üzvü vardır və bütün bu üzvlər arasında yalnız Azərbaycanda qondarma siyasi məhbus problemi olması məsələsi daim qabardılır və bu yolla daim Azərbaycana siyasi təzyiqlər edilir; AŞPA Hüquqi Məsələlər Komitəsinin məruzəçisi cənab Pedro Aqramuntun hazırladığı Azərbaycanın Avropa Şurasında sədrliyi: insan hüquqlarına hörmət ilə bağlı nə edilməlidir? məlumat memorandumunun 3-cü maddəsində göstərildiyi kimi, siyasi məhbus məsələsinə dair hüquqi qərarın Avropa İnsan Hüquqları Məhkəməsinin müstəsna səlahiyyəti olduğunu dəstəkləyirik; Azərbaycan qlobal enerji bazarında əsas iştirakçı kimi geosiyasi mövqeyə malikdir, qlobal enerji bazarında Azərbaycanla birbaşa rəqabət aparan ölkələr (misal üçün Norveç) müxalifət partiyalarını və fəalları pul vəsaiti ilə təmin edir və bu məsələ heç də təsadüf deyil, burada başqa maraqlar mövcuddur; Vətəndaş cəmiyyəti fəallarının həbslərinin cinayət xarakterini ehtiva edən misallar; Azərbaycanın QHT qanunvericiliyinin bir sıra Avropa ölkələri qanunvericiliyi ilə müqayisəli təhlili aparılmalı, bir sıra nümunələr göstərilməlidir (AVCİYA-nın hazırladığı AŞPA Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsinin məruzəçisi cənab İv Kruxtenin hazırladığı Avropada QHT-lərin fəaliyyətinə qeyri-müvafiq məhdudiyyətləri necə aradan qaldırmalı məruzəsinə töhvə araşdırmasına istinad); Xarici donorların Azərbaycan QHT-lərinə ayırdığı qrantlardan sui-istifadə halları;

 

3. İşgəncələrin qadağan edilməsi (Maddə 3)

HƏBSXANALARDA VƏZİYYƏT

Rəsmi təbliğat vasitələrinin elan etdiyindən fərqli olaraq Penitensiar Xidmət sahəsində, Xidmətin idarə olunması, kadrların seçimi və təyinatında, büdcə və büdcə vəsaitlərinin idarə olunmasında, eləcə də həbs yerlərində ümumi vəziyyət, istintaq təcridxanalarına və cəzaçəkmə müəsisələrinə müstəqil hüquq müdafiəçilərinin buraxılması, onların orda monitorinq aparması, məhbuslarla görüşüb problemləri araşdırması və digər məsələlərlə bağlı şəffaflıq yox dərəcəsindədir. Məsələn, dəfələrlə edilən sorğulara və çağırışlara baxmayaraq nə hökümət, nə də Penitensiar Xidmət dövlət tərəfindən bu istiqamətdə ayrılan vəsaitin həcmi, büdcəsi, eləcə də məhbusların ərzaq, geyim, saxlanma, daşınma, tibbi, sosial xidmət, həmçinin personal heyətin əmək haqları, saxlanması və digər xərclər barədə sualları cavablandırmır. Məsələn, dəfələrlə cəhd edilsə də Penitensiar Xidmət bir məhbusun saxlanmasına ayrılan xərcin həcmi barədə Siyasi Məhbuslarsız Azərbaycan İctimai Alyansın İnformasiya sorğusunu cavablandırmaqdan imtina edir. Maraqlıdır ki, Azərbaycan höküməti və Penitensiar Xidmət yuxarıda qeyd olunan məlumatları lazımi beynəlxalq qurumlara təqdim etdiyi halda həmin məlumatları ölkə ictimaiyyətinə və yerli vətəndaş cəmiyyəti institutlarına açıqlamaq istəmir. Bu isə qanunvericiliyin tələblərinə ziddir. Digər tərəfdən Penitensiar Xidmətə ayrılan vəsaitlər Azərbaycan respublikasının dövlət büdcəsindən xərclənir. Büdcə xərcləmələri ictimai vəsaitdir, onun həcminin, təyinatının gizli saxlanmasına heç bir halda yol verilmir.

Avropa İnsan Haqları Məhkəməsinin Azərbaycanda həbsdə olan bir çox siyasi məhbusla bağlı qəbul etdiyi qərarları icra olunmur. Bir neçə il öncə bu qərar hazırda həbsdə olan keçmiş səhiyyə naziri, siyasi məhbus Əli İnsanova qarşı münasibətdə öz əksini tapıb. Hazırda analoji mənzərə həbsdə olan digər siyasi məhbuslar - 2013-cü ilin yanvar ayında İsmayıllıda baş vermiş hadisələrə görə həbs olunmuş siyasi məhbuslar - REAL Hərəkatının sədri İlqar Məmmədova və Müsavat partiyası başqanının müavini Tofiq Yaqubluya qarşı həyata keçirilir. Cari ilin dekabr ayının 9-da Avropa Şurası Nazirlər Komitəsinin insan hüquqlarına dair keçirdiyi iclasda 5-ci dəfə Azərbaycan hakimiyyətinin indiyədək İlqar Məmmədovu azad etməməsindən dərin təəssüf hissinin keçirildiyi ifadə olunub. Halbuki, bu barədə Avropa məhkəməsinin qərarı və Azərbaycan rəhbərliyinə çoxsaylı müraciətlər olub. Qərarda İ.Məmmədovun dərhal azad edilməsi və Avropa məhkəməsinin qərarlarının icrasından yan keçmək cəhdlərinə son qoyulması tələb olunub. 2014-cü ilin mayında Avropa məhkəməsi İ.Məmmədovun həbsinin əsassız olması barədə qərar çıxarıb və onun azad edilməsinə çağırıb. Sonradan Avropa məhkəməsi T.Yaqublunun da barəsində analoji qərarı çıxarıb. 3 il bundan öncə isə analoji qərar keçmiş səhiyyə naziri Əli İnsanov barəsində çıxarılıb. Lakin bu günə qədər hər üç siyasi məhbus qeyri-qanuni şəkildə həbsdə saxlanılır. Azərbaycan həbsxanalarında məhbusların saxlanma şəraiti, onların hüquqları və siyasi məhbus problemi ilə bağlı mövcud vəziyyətə dair yuxarıda deyilənləri ümumiləşdirib bu nəticəyə gəlmək olar ki, həbs yerlərində infrastrukturun yaxşılaşdırılması fəaliyyətinin davam etdirilməsinə baxmayaraq, əksər həbsxanalar sovet dövründə inşa edilmiş müəssisələrdir və onlar beynəlxalq standartlara cavab vermir. Saxlanma yerlərində vəziyyət normal səviyyədə deyil, əksinə ağır olaraq qalır, insan həyatı üçün bəzi məqamlar baxımından təhlükəlidir. Çox sayda məhbusun bir yerdə saxlanılması, qeyri-adekvat qidalanma, istilik və ventilyasiya sisteminin olmaması, su çatışmazlığı və zəif tibbi xidmət kimi amillərin birləşməsi yoluxucu xəstəliklərin yayılmasına səbəb olmuşdur. Məhbusların vəkilləri və ailə üzvləri ilə görüşlərinə məhdudiyyətlər qoyulur. Məhbusların işləməsi və ya təlimlərdə iştirak etməsi üçün az sayda imkan var. Bir çox hallarda həbs edilən şəxslərə qarşı fiziki zorakalıq və işgəncə halları baş vermişdir. Belə hallardan sonuncusu Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanovanın təşkilatının Milli Preventiv Qrupunun Ədliyyə nazirliyi Penitensiar Xidmətinin 6 saylı cəzaçəkmə müəssəsinə daxil olaraq araşdırdığı iki məhbusun döyülərək öldürülməsi hadisəsidir. Bu müşahidə ziyarətinin nəticəsi olaraq Ombudsman Baş Prokurorluğa müraciət etmişdir. Həbs yerlərində əsas problemlərdən biri korrupsiya və işgəncə halları ilə bağlıdır ki, bu problem daha geniş və ağır vəziyyət yaradıb. Məhbusların hüquqlarının lazımi səviyyədə təmin olunmaması, bir çox qanunvericilik aktlarının, o cümlədən Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında Qanunun və Avropa Penitensiar Qaydalarının tam gücü ilə tətbiq edilməməsi bu sahədə olan mövcud boşluqlardan və problemlərdəndir. Bütün bunlar narahatlıq doğuran məsələlərdir. Problemlərin aradan qaldırılması üçün ciddi addımlar atılmalı, qanunların işləməsinə şərait yaradılmalı və dərin islahatlar həyata keçirilməlidir.

Hazırda ölkədə məhbuslarla bağlı ən ciddi problemlərdən biri siyasi məhbus problemidir. İctimai-siyasi fəaliyyətinə, hüquq- müdafiə, jurnalist fəaliyyətinə, dini baxışlarına görə ölkə həbsxanalarında 100-dən çox siyasi məhbus var. Hakimiyyət özünə təhlükə heab etdiyi istənilən şəxsi müxtəlif üsullarla şərləyib həbsə atır və onlara qarşı fantastik və absurd məhkəmə cəzası kəsir. Bir sıra yerli və beynəlxalq təşkilatların təkidli tələblərinə baxmayaraq, Azərbaycan höküməti siyasi məhbus problemini həll etmək əvəzinə yeni-yeni ictimai fəalları müxtəlif uydurma bəhanələrlə həbs edir. Aparılan araşdırmalar göstərir ki, hazırda ölkəmiz keçmiş MDB və Avropa ölkələri arasında ölkə əhalisinin adam başı ilə müqayisədə siyasi məhbusların sayına görə lider ölkələrdən biridir. Bu göstərici ölkədə insan haqlarının, sərbəst toplaşmaq, söz, ifadə, mətbuat azadlığının həm də real göstəricisi hesab oluna bilər. Bu göstərici həm də ölkədə mövcud olan avtoritar rejimin dinc, günahsız insanlara tətbiq etdiyi ağır cəzaların statistik nəticəsindən doğur. Bir çox hallarda açılan cinayət işləri Cinayət Məcəlləsinin (CM) uyğun maddələri ilə deyil, yuxarı hədlə, bəzi hallarda isə şişirdilmiş halda tətbiq olunur. Bu isə rejimin mahiyyətindən, sərtliyindən doğmaqla yanaşı, həm də hüquq mühafizə orqanlarını bürümüş korrupsiyanın fəsadlarından irəli gəlir. Həbsxanaya atılan insanlar azadlıqda işlətdiyi cinayətlərlə bərabər həbs həyatı yaşadığı həbsxananın yazılmamış qanunları ilə də cəzalandırılır. Bu gün Azərbaycandakı həbs yerlərinin əksəriyyəti ölüm düşərgələrini- konslagerləri xatırladır. Məhkum edilən insanlar həbsxanalardan cəza çəkib, islah olunub cəmiyyətə səhvlərini dərk etmiş insan kimi deyil, əksinə əzilib, bezdirilmiş, məhbusların dili ilə desək sındırılmış şəkildə çıxır. Hazırkı Penitensiar Xidmətin mahiyyəti, iş rejimi, məhbuslara münasibəti sovet dövründə olduğu kimi qalır. Bir çoxları Azərbaycanın Avropa Şurasına üzv qəbul edilməsi, Avropa Penitensiar Qaydalarına, eləcə də digər bir sıra Konvensiyalara qoşulmaqla bu sahədə ciddi islahatların aparılacağına, vəziyyətin düzələcəyinə ümid etsə də, gözləntilər özünü doğrultmadı. Digər tərəfdən ölkədəki avtoritar rejimin mahiyyətindən doğan qisasçılıq, repressiyalar, insanlarda qorxu xofu yaratmaq cəhdi dörd divar arasında- barmaqlılar arxasında daha amansız şəkildə həyata keçirilir. Əldə olunan məlumatlara görə, son illər bütün İstintaq Təcridxanaları və CÇM-lər məhbuslarla doludur. Adam sayına və yer sıxlığına görə onların sayı həddən çoxdur. Bir çox yerli və beynəlxalq təşkilatların açıqladığı hesabatlarda da bu rəqəm öz əksini tapır. Azərbaycan həbsxanalarında saxlanma şəraitinin yaxşılaşdırılması, məhbus hüquqlarının qorunması və siyasi məhbus probleminin həll olunması üçün təxirəsalınmaz kompleks tədbirlər planının hazırlanıb həyata keçirilməsinə ehtiyac var.

 

4. Ədalətli məhkəmə araşdırması hüquqlar (Maddə 6)

Ədalət mühakiməsinin səmərəliliyinin artırılması üçün məhkəmə sistemində islahatların aparılması vacibdir. Hakimlərin müstəqilliyinin real təmin edilməsi, onların müddətsiz təyinatı, fəaliyyətlərinin qiymətləndirilməsi, intizam məsuliyyətinin demokratik xarakteri qanunvericilikdə təsbit olunmuş qaydada təmini, şəffaflığının təmin edilməsi üçün məhkəmə qərarlarının dərci təmin edilməlidir. Eyni zamanda məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması, insan hüquqlarına ciddi əməl olunması təmin edilməlidir. Ölkədə Avropa Konvensiyası və Avropa Məhkəməsinin təcrübəsinin inkişaf istiqamətləri: milli qanunvericilik və məhkəmə təcrübəsinə təsir kontekstində, birinci instansiya məhkəmələri tərəfindən, mülki işlərə baxılarkən yol verilən xarakterik qanun pozuntularının aradan qaldırılması, məhkəmə səmərəliliyinin artırılması çox aşağı səviyyədədir. Azərbaycanda məhkəmə pozuntularını bir neçə kateqoriyaya bölmək olar; cinayət , mülki və inzibati işlərdə olan pozuntular. Xüsusi bir kateqoriya var ki, o da siyasi işlərdə olan pozuntulardır.

cinayət işlərində

a) keyfiyyətsiz vəkil yardımı, pulsuz hüquqi yardım (saatına 2 manat verilir, orda ən çox təcrübəsiz, savadsız vəkillər iştirak edir)

b) işlərdə prokurorluğun mütləq üstünlüyü, dövlət ittihamçısı hakimə rəsmən təzyiq edə bilir

c) Azərbaycanda bəraət işləri 1 faizdən də azdır, 1 ildə 11 min iş olursa, 30-da bəlkə bəraət ola

d) prokurorluqla bəraət razılaşdırılmayanda prokurorluq, Baş prokurorluğa şikayət verir, ordan da məhkəmə hüquq şurasına şikayət verilir, sonda hakimlər cəzalandırılır.

e) qəfəs, ittiham olunan şəxs qəfəsə salınır, vəkil onunla normal ünsiyyət qura bilmir, müdafiəni təşkil edə bilmir

f) istədikləri vaxt məhkəməni açıq və ya qapalı edirlər, hətta açıq məhkəmə iclasında adamları iclasa buraxmırlar

g) tərəflərin bərabərliyi pozulur; prokurorluğun sübutlarını və vəsadətlərini qəbul edirlər, amma vəkillərin yox

h) polis və prokurorluq orqanları standart hal şahidləri saxlayır, bir çox cinayət işində eyni şahidlər istifadə olunur. Məhkəmə bunların başqa işlərdə iştirak edib-etmədiyini araşdırmır.

i) hakim çıxış zamanı vəkilin və ittiham olunan şəxsin sözünü kəsir, uzun çıxışlara icazə verilmir, şəxs deyəndə ki, mənə işgəncə verilir hakim normalda araşdırmalıdır, amma araşdırılmır

 

mülki

a) proseslərin açıqlığının təmin olunmaması

b) sübutların araşdırılması mərhələsinə riayət olunmur

c) tərəf bir dəfə gəlməyən kimi işi baxılmamış saxlayırlar, qanunla heç olmasa 2 dəfə gəlməsə belə ola bilər

d) sübutların qiymətləndirilməsi zəifdir, 50 faiz bu işin olduğunu sübut etsən belə onu qəbul etmir

e) ən böyük problem korrupsiyadır

f) tərəflərə məktubların, qərarların çatdırılması zamanı problemlər çox müşahidə olunur.

inzibati

a) şikayətin mümkün sayılmamasının vahid praktikası yoxdur (bir işdə mümkün sayırlar, eyni mövzuda başqa işdə mümkün sayılmır)

b) məntiqli vaxt məhdudiyyəti yoxdur, işləri çox uzadırlar c) dövlət orqanlarının əksəriyyətinə qarşı iddialar təmin olunmur. Hakimlər özü etiraf edir ki, qərarları ləğv olunan hakimlərin statistikası aparılır, çox qərar ləğv olunanda məhkəmə hüquq şurası bizim haqqımızda mənfi qərar qəbul edir, ona görə haqlı olsan da təmin edə bilmərik

d) qərarlar əsaslandırılmır

e) məhkəmə hüquq şurasının tərkibi elədir ki, orda icra hakimiyyətinin nümayəndələri çoxdur, hakimlərin də taleyi onlardan asılı olduğu üçün qorxurlar. Orda hakimlər haqqında intizam işi açılmasın deyə, hakimlər dövlət orqanları haqqında qeyri-obyektiv qərarlar qəbul edir.

Siyasi işlərdəki pozuntuları aşağıdakı kimi təsnif etmək olar:

a) -ittiham və müdafiə tərəflərinin çəkişmə və bərabərliyi prinsipinin pozulması, müdafiə tərəfi bir qayda olaraq ittiham tərəfi qarşısında əlverişsiz vəziyyətə salınır və nəticə etibarilə işin obyektiv araşdırılması təmin olunmur. Ədalətli yekun hüquqi əhəmiyyət kəsb edən yekun nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb edən vəsadətləri təmin olunmur, rədd olunur. Məsələn, Xədicə İsmayılın işində 40-a yaxın vəsadətdən yalnız 1-i təmin olundu. Bu, daha çox dövlət ittihamçısının marağına uyğun olan vəsadət idi. Rəsul Cəfərovun işində əlavə şahid barədə verdiyi vəsadətlər təmin olunmayıb. Həmçinin, sənədlərin alınması üçün qaldırdığı vəsadət də təmin olunmayıb. İntiqam Əliyevin işi üzrə istər ibtidai istintaq, istərsə də birinci və apellyasiya instansiya məhkəmələrindəki proseslər çoxsaylı qanun pozuntuları ilə müşayiət olunub. "Müdafiə tərəfinin onlarla vəsatəti təmin olunmayıb, təqdim etdiyi sübutlar heç bir əsas olmadan rədd edilib".

b) ikinci problem siyasi işlərdə məhkəmə prosesinin açıqlığı prinsipinin təmin olunmamasıdır. Yəni, məhkəmələrin açıq keçirilməsinə baxmayaraq, içəri adamların buraxılmamasıdır. Məsələn, Xədicə İsmayılın bu məsələ ilə bağlı məhkəmə tərkibi ilə ciddi mübahisələri olmuşdu. Onun israrla, səsli şəkildə təkidləri nəticəsində proses dayandırılmışdır, amma yenə də azad mətbuatın və ictimaiyyətin nümayəndələri içəri buraxılmamışdı.

c) üçüncü, siyasi işlərdə onların müdafiə hüququ kobud şəkildə pozulur, özünün istədiyi vəkillə müdafiə olunmasına maksimum maneələr yaradılır. Hətta, siyasi işlərə çıxan vəkillərə qarşı təqib və təzyiq kampaniyaları aparılır.

d) Müstəqil ekspertiza institutunun olmaması. Cinayət prosesual məcəllədə vəkillərin müstəqil ekspertiza keçirməsinin tənzimlənməsi olduğu halda buna şərait yaradılmır.

e) Vəkillər başqa yerdə ekspertiza keçiriləndə ekspertiza rəylərinin sübut kimi qəbul edilməməsi. Məsələn, Rəsul Cəfərovun və İntiqam Əliyevin işində ekspertizanın nəticəsi sübut kimi qəbul olunmayıb.

f) İttiham irəli sürüləndən sonra ifadə alınan zaman işgəncə və zorakılıq hallarının, məhkəməyə məlumat verilərkən araşdırılmaması. Xədicə İsmayılın işində şahidlərə təzyiqlər və zorakılıq faktları ilə bağlı məlumat səsləndirilmiş, Xədicə İsmayıl şəxsən bu faktların araşdırılmasını tələb etsə də hakim məhəl qoymamışdır.

g) ittiham olunan şəxslərin zorakılığa məruz qalması faktları. İttiham olunan şəxslərə fiziki zorakılıq ediləndən sonra onları uzun müddət vəkillərlə görüşdürmürlər ki, işgəncənin izləri getsin. Məsələn, Meydan TV-nin əməkdaşı Şirin Abbasov çox ağır vəziyyətə salınmışdı. Eyni zamanda hüquq müdafiəçisi Leyla Yunusun Bakı İstintaq təcridxanasında döyülməsi faktı vardı. Əgər zorakılq göstərilərək ittiham olunan şəxsdən ifadə alınıbsa, sonradan müdafiə tərəfinin onları təkzib etmək olmur. Vəkillərin və ittiham olunan şəxsin ifadələri və verdiyi vəsadətlər qəbul edilmir.

h) Vəkillər tərəfindən verilən qeydlərin və əlavələrin nəzərə alınmaması. Məsələn, Y.Sadıqovun vəkili Xalid Bağırov qeyd edir ki, məhbus məhkəmə iclas protokoluna qeydlər verib. Lakin həmin qeydlərə Lənkəran rayon məhkəməsi baxmayıb. Hətta buna görə də Şirvan Apelyasiya Məhkəməsi həmin qeydlərə baxılması üçün işin hərəkətsiz saxlanması haqda qərar çıxarıb, iş Lənkəran rayon məhkəməsinə qaytarıldı.

i) tərəflərin iştirakı olmadan qərar qəbul etmək. 2014-cü ildə açılan QHT işi ilə bağlı məhkəmələr onlarla vətəndaş cəmiyyəti üzvünün bank hesablarının bağlanması və ölkədən çıxışı ilə bağlı qərarlar qəbul edib. Tərəflərə bu barədə məlumat belə verilməyib. Tanınmış hüquqşünas Ənnağı Hacıbəylinin, jurnalistlər Şahvələd Çobanoğlu, Aynur İmranova, Meydan TV- nin əməkdaşları bu günə qədər səbəbsiz olaraq ölkədən buraxılmır, məhkəmələr isə vəziyyətə obyektiv qiymət vermir.

j) əsassız həbs qəti imkan tədbiri. Siyasi işlərin əksəriyyətində istintaq dövründə ittiham olunan şəxslərlə bağlı 2-3 aylıq həbs qəti imkan tədbiri seçilir. Hansı ki, bu müddət sonra da uzadıla bilir. Halbuki bu sadəcə təzyiq xarakter daşıyır.

Yuxarıda sadalananlar məhkəmə sistemində baş verən pozuntuların ən çox təkrar olunan və bilinənləridir. Ölkənin məhkəmə sistemində yüzlərlə xırda pozuntular da olur ki, onlar ölkədə vətəndaşlar arasında ədalət mühakiməsinə inamı tamamilə məhv edib. Ölkəmizdəki qanunsuzluqlara görə, birinci növbədə, illərdir islahat apardığınız, məhkəmələr günahkardır. Əgər Azərbaycanda müstəqil, qanuna tabe olan, rüşvətə yer olmayan məhkəmə sistemi olsa idi, insan haqları, sahibkarlıq, təhsil, səhiyyə və digər sahələrdə özbaşnalıqlar baş verməz, korrupsiya çiçəklənməzdi.

Azərbaycan Respublikasının hərbi hissələrində baş verən qəsdən adam öldürmə faktlarının ört-basdır edilməsi başlıca olaraq ədalətli məhkəmə araşdırması hüququnun pozulması ilə bağlıdır. Bu hesabatda qeyd etdiyimiz Məmmədov Urxan Əli oğlunun yaşamaq hüququndan məhrum edilməsindən sonra məhkəmə orqanlarının cinayətin ört-basdır edilməsi məqsədilə qəbul etdikləri qanunsuz və əsassız qərarlar dediklərimizə sübutdur. Zaqatala Hərbi Prokurorluğu tərəfindən aparılan araşdırmanın nəticəsinə görə, guya mərhumda timus vəzinin patologiyası səbəbindən qəfildən tənəffüs çatışmazlığı nəticəsində boğulma olmuş və Urxan da bu səbəbdən dünyasını dəyişmişdir. Eyni zamanda mərhumun meyitinin məhkəmə tibbi ekspertizası zamanı bədənində çoxsaylı xəsarətlərin olması müəyyən edilmişdir. İstintaq orqanının mərhumun həmin xəsarətləri idman hərəkətlərini yerinə yetirərkən alması ehtimalı ağlasığan deyil. Belə ki, Urxanın kürək nahiyəsində iri ölçülü (8 x 5 sm) və boyun nahiyəsinin arxasında təxminən həmin ölçüdə xəsarətlərin (qançırların) olması həmin xəsarətlərin idman edərkən alınması ehtimalını alt-üst edir. Mərhumun atası Məmmədov Əli Məmməd oğlu tərəfindən müstəntiqin cinayət işinin başlanmasının rədd edilməsi qərarından məhkəmə nəzarəti qaydasında Gəncə Hərbi Məhkəməsinə verdiyi faktla bağlı cinayət işinin başlanması barədə tələbinə dair şikayət təmin edilməmiş və müstəntiqin qərarı qüvvəsində saxlanılmışdır. Eləcə də Gəncə Hərbi Məhkəməsinin qeyd edilən qərarından Gəncə Apellyasiya Məhkəməsinə verilən apellyasiya şikayəti də təmin edilməmişdir. Beləliklə, ədalətli məhkəmə araşdırması hüququnun pozulması nəticəsində Məmmədov Urxan Əli oğlunun qəsdən öldürülməsi faktı ört-basdır edilmişdir. Azərbaycan Respublikasında ədalətli məhkəmə araşdırması hüququnun pozulması səbəbindən vətəndaşların mülkiyyət hüquqları da kütləvi şəkildə pozulur. Bu, məhkəmə sistemində rüşvətxorluğun mövcudluğu və bəzən məhkəmələrin işlərə sifarişlə baxması ilə izah edilir. Bu hesabatın mülkiyyət hüququnun pozulması ilə bağlı qeyd etdiyimiz Mənzil tikinti təşkilatlarının təsisçiləri tərəfindən minlərlə vətəndaşın on milyonlarla manat pul vəsaitinin mənimsənilməsi faktları üzrə aparılan məhkəmə araşdırmaları vətəndaşların ödədikləri pul vəsaitlərinin qaytarılması üçün müsbət nəticələnməmişdir. Azərbaycan Respublikasının vətəndaşı Nəsrullayev Mircəlalın azadlıqdan məhrum edilməsi ilə bağlı qəbul edilmiş məhkəmə aktlarının tamamilə qanunsuz və əsassız olmasına baxmayaraq, bu iş üzrə həm məhkum, həm də tərəfimizdən hüquq mühafizə orqanlarının rəhbərlərinə edilmiş müraciətlər nəticəsiz qalmışdır. Heç bir cinayət xarakterli əməli olmayan Mircəlal Nəsrullayevin Bakı Ağır Cinayətlər Məhkəməsində ittihamı müdafiə edən prokuror tərəfindən 7 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi xahiş edilsə də, gözlənilmədən Məhkəmə onu qanunsuz və əsassız olaraq 9 il azadlıqdan məhrumetmə cəzasına məhkum etmişdir. Cəzasının 3/2 hissəsindən çoxunu çəkən Mircəlal barəsində keçən il cəzanın qalan hissəsindən azad edilməsinə dair işdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin, o cümlədən Penitensiar Xidmətin rəhbərliyinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri cənab Ramiz Rzayevin razılığı alınsa da Şəki rayon Məhkəməsində işə baxan hakim ərizəni təmin etməmişdir. Bu fakt bir daha təsdiq etmişdir ki, Mircəlal Nəsrullayev barəsində ədalətli məhkəmə araşdırması hüququ növbəti dəfə pozulmuşdur və onun azadlıqdan məhrum edilməsi kiminsə sifarişi ilə həyata keçirilmişdir.

 

5. Şəxsi və ailə həyatına hörmət hüququ (Maddə 8)

Gender problemləri

İnsan hüquqlarının müdafiəsi konvensiyası əsas azadlıqlar və protokollar əsasında Son illərdə Azərbaycan beynəlxalq öhdəliklər və standartların yerinə yetirilməsinə doğru bəzi addımlar atılıb. Lakin bu istiqamətdə inkişafın əldə edilməsi üçün hələ çox səylər göstərilməlidir ki, qadınlar, qanunda nəzərdə tutulmuş bütün haqq və azadlardan istifadə edən, cəmiyyətin bərabərhüquqlu vətandaşları olsun. Cinsi göstəricilərə görə diskriminasiya ilə problemin aradan qaldırılması və ölkədə qadının statusunun yüksəldilməsi üçün atılan çoxsaylı səylərə baxmayaraq, gender fərqlilikləri əksər sektorlarda mövcuddur. Bu da qadınların ədalətə qarşı yollarını bağlayır. Bundan əlavə, qadınlara xoşagəlməz olan erkən nikah, qadın alveri, qadınlara qarşı zorakılıq və mühafizəkar patriarxal inanclar və təcrübələr, sağlamlıqla bağlı risklər kimi vəziyyətlərin sayı artıb. Vəziyyəti dəyişmək üçün qadınların sosial, iqtisadi, hüquqi və siyasi statusunun artırlması ilə bağlı qəti tədbirlər həyata keçirilməlidir. Yerli qanunların tam olaraq həyata keçirilməsinə, diskriminasiya vəziyyətlərində problemlərin modifikasiyası, tədbirlərin strateji planlaşdırılması, səlahiyyətli orqanlar, hüquq mühafizə və hakim orqanların potensialının artırılmasına və cəmiyyətdə patriarxal münasibətlərin aradan qaldırılmasına dair xüsusi təbrilər həyata keçirilməlidir. QHT, elmi müəssələr, kütləvi informasiya vasitələri, beynəlxalq təşkilatlar kimi maraqlı tərəflərin bərabər iştrirakını tələb edən beynəlxalq öhdəliklərin tamamilə yerinə yetirilməsi dövlət təşəbbüslərinin planlaşdırılma və reallaşdırlmasında mütləq addımlardan biridir. Ancaq bu şərtlərlə qadınlar eyni hüquqlara malik ola bilər, hakimiyyət və ədalətdən eyni dərəcədə yararlana bilər. Hissə 1. Konvensiya (Roma, 4.XI.1950) Maddə 12- Nikah hüququ. Nikah yaşına çatmış qadın və kişilər evlənmək və bu hüququn həyata keçirilməsini tənzimləyən milli qanunvericiliyə müvafiq olaraq ailə qurmaq hüququna malikdir. 2011-ci ilin noyabrında, Azərbaycan Respublikasının Ailə kodeksinə əlavələr edilmişdir. Bu əlavə, kişi və qadınlar üçün nikah yaşının 18-ə qədər bərabərləşdirilməsi idi (əvvəl qızlar üçün bu yaş 17 idi). Bu, pozitiv addımlardan biri hesab olunur. Buna baxmayaraq, Azərbaycanda qadağan olmayan dini nikahlar da həyata keçirilir. Hətta bəzi hallarda dövlət nikahını əvəz edir, çünki bir çox ailə ənənə və din səbəbindən dini nikahı dövlət nikahından üstün tutur. Dini ruhanilərə dövlət nikah şəhadətnaməsi təqdim olunmadan dini nikah mərasimini keçirmək qadağan olunsa da, bu sahədə ciddi biliksizlik müşahidə olunur. Dini nikah tendensiyasının geniş yayılması iki neqativ nəticənin yaranmasına səbəb olur. Bunlar erkən nikah və dini nikahın heç bir hüquqi gücü olmadığından irəli gələn, ayrıldıqdan sonra qadınlarda hüquqi müdafiənin olmamasıdır. Bundan əlavə dini nikahdan doğulan uşaqların qeydiyyatında da problemlər yaranır. Ayrı-seçkiliyin qadağan olunması Bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya hər hansı digər əlamətlərə görə ayrı seçkilik olmadan təmin olunmalıdır.

Qadınların qərar qəbul edilməsində təmsil edilməsi Ümumilikdə, qadınlar əvvəlki kimi ali idarəçilikdə dövlət agentliklərində və siyasi qərarların qəbul olunmasında kifayət qədər təmsil olunmur. Qadınlar, Azərbaycan cəmiyyətinin 50,3% təşkil edir, lakin yalnız 16,8% qadın parlament üzvüdür. Bu siyasətdə ciddi gender ayrı-seçkiliyi yaradır və qadınların siyasi gündəliyə təsir imkanlarını daraldır, qərar qəbulunda iştirakını məhdudlaşdırır. İcra hakimiyyəti başçıları arasında qadın yoxdur. Nazirlər kabinetində qadın yoxdur. Dövlət komitələrindən yalnız birinin başçısı qadındır. Bu qadın, uşaq və ailə problemləri üzrə dövlət komitəsidir. Diplomatik sahədə qadınların təmsil edilməsi, xarici diplomatik missiyalara gəldikdə isə, qadın diplomatlar cəmi 12% təşkil edir. Lakin ən yüksək diplomatik vəzifələrə (səfir, daimi təmsilçi, baş katib) təyin olunmuş diplomatlardan, qadınlar cəmi 1.5% təşkil edir. Təhsil və Əmək Məişət problemləri və ödənilməyən iş də qadınların diplom sonrakı təhsillərinin davam etdirilməsi və elmi işlərdə aktiv iştirak etmək qərarlarına təsir göstərir. Həmçinin, təhsil və əmək bazarı arasında ciddi uyğunsuzluq var, və mövcud proqramlar bazar iqdisadiyyatının tələblərinə cavab vermir. Bundan əlavə kişi və qadın peşələri barədə stereotiplər də qadınların müəyyən sahələrə inteqrasiyasına məhdudiyyət qoyur. Bunlara enegetika, informasiya texnologiyaları, nəqliyyat, geologiya, inşaat, hərbi xidmət və s. aiddir. Qadınlar məcbur olub qadın peşələri sayılan müəllim və ya həkim peşələrində qalır. Bu sahələrdə isə təklif tələbdən qat qat üstündür.

 

6. Fikir, vicdan və din azadlığı

Noyabrın 26-da güc qurumlarının Nardaranda keçirdiyi əməliyyatın elan edilmiş məqsədi radikal islamçı qrupun zərərsizləşdirilməsi ciddi şübhələr doğurur. Belə ki, bu əməliyyat tutarlı səbəb olmadan ictimai yerdə həddindən artıq güc nümayiş etdirilməsi ilə keçirilib. Həm polislərdən, həm də Nardaran məscidinin ziyarətçilərindən olan insan ölümü faktı özü, habelə güc qurumu əməkdaşlarının Nardarandakı hərəkətləri, o cümlədən kəndin mühasirəyə alınması, elektrik enerjisinin, qazın kəsilməsi təzyiq subyektinin hər-hansı bir qrup deyil, qadınlar, yaşlılar və uşaqlar da daxil olmaqla, bütün Nardaran əhalisi olduğunu göstərir.

Hüquq-mühafizə orqanlarının imkanlarını bilərək, demək olar ki, qanunsuz əməllərdə iştirak etməkdə şübhəli bilinən şəxslərin həbsi istənilən vaxt lokal və fərdi formada, insan itkisinə və Nardaran sakinlərinə mənəvi, maddi ziyan vurulmasına ehtiyac olmadan həyata keçirilə bilərdi. Kənd əhalisinin maliyyə borcu bəhanəsi ilə bütün kommunal xidmətlərinin kəsilməsi həm qanun, həm də əxlaq nöqteyi nəzərdən yolverilməzdir. Bu cür əməllər bir yaşayış məntəqəsində insan hüquqlarının kütləvi şəkildə pozulmasıdır. İnsanların yalnız fərqli düşündükləri və icmanın daxili ənənələrinə uyğun yaşamaq istədiklərinə görə cəzalandırılması Azərbaycan vətəndaşlarına güc tətbiq etməklə təsir göstərmək üçün bəhanə ola bilməz. Hakimiyyətin kənd ağsaqqallarının danışıqlar aparılması təklifindən imtina etməsi qınağa layiqdir. Çünki o, məhz dövlət başçısının elan etdiyi multikulturalizm siyasəti çərçivəsində bütün vətəndaşlarla dialoq qurmaq üçün hakimiyyətdir. Unutmaq olmaz ki, ölkə qanunlarından, ümummilli ənənələrdən başqa, həqiqətdə özünəxas yerli adət və ənənələr, dini üstünlüklər də mövcuddur. Hakimiyyətin borcu onları güc və cəza tədbirləri ilə boğmaq deyil, onlara hörmət etmək və millətin sərvətinə çevirmək üçün onları uyğunlaşdırmaqdır. Konstitusiya, ölkə qanunları, azərbaycanlıların dini və patriarxal ənənələri yerli və milli maraqların, icmanın və dövlətin maraqlarının vəhdətini təmin etmək məqsədilə qarşılıqlı hörmət və qarşılıqlı anlayış əldə etmək üçün nadir Nardaran icmasının üzvləri ilə ciddi, dərin və ardıcıl danışıqlar başlanmasını tələb edir.

 

7. Fikri ifadə etmək azadlığı (Maddə 10)

Azərbaycanda KİV-in vəziyyəti

Azərbaycanda KİV-in vəziyyəti son bir ildə Azərbaycanda söz azadlığı sahəsində vəziyyəti pisləşməkdə davam edib. KİV-ə və sosial şəbəkə fəallarına təzyiq aşağıdakılardan ibarət olub? Jurnalist və blogerlərin həbsi və saxta ittihamlarla azadlıqdan məhrum edilməsi hüquq-mühafizə orqanları tərəfindən qorxutma, fiziki zorakılıq KİV-in iqtisadi cəhətdən boğulması. Qətllər, həbslər, məhkəmə təqibləri il ərzində KİV-ə hücumlar silsiləsində Meydan TV-yə hücumlar diqqət mərkəzində olub. Sentyabrın 22-də hüquq müdafiə QHT-lərinin beynəlxalq Hüquqlar naminə idman koalisiyası Azərbaycan hakimiyyətinin misli görünməmiş söz azadlığının və müstəqil KİV-lərin boğulması dalğası çərçivəsində Meydan TVnin əməkdaşlarına kütləvi təzyiqini pisləyib. İl ərzində göstərilən media orqanı əməkdaşları dəfələrlə istintaqa çağrılıb, ifadə verib, ölkədən çıxışlarına qadağa qoyulub, əsassız və məhkəmə qərarı olmadan axtarışa cəlb olunub. Avqustun 8-də vəhşicəsinə döyüldükdən sonra Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun əməkdaşı Rasim Əliyev dünyasını dəyişib. Ona Qəbələ futbol klubunun kapitanı Cavid Hüseynovun qohumları və dostları hücum edib. İstintaq onu məlumat verməməkdə təqsirli şəxs kimi təqdim etməyə çalışır, amma vəkil Əsabəli Mustafayev qeyd edir ki, Hüseynov hazırlanan qisasdan xəbərdar idi və buna görə cinayətin iştirakçısıdır. Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu qətli siyasi motivli hsab edib. Prezident İlham Əliyev hadisədən sarsıldığını bildirib və cinayətin araşdırılmasını şəxsi nəzarəti altına götürüb. Bu qərar təsdiq edir ki, jurnalistin söz azadlığına görə qətli öz-özlüyündə siyasi motivlidir və istintaqın və məhkəmənin gəldiyi bütün nəticələr Rasim Əliyevin işi üzrə ədalətli qərarın qarantı rolunu üzərinə götürən prezidentin adı ilə əlaqələndiriləcək. Azərbaycanda məhkəmə sisteminin icra hakimiyyətindən həddindən artıq asılı olması və müstəqilliyi ilə fərqlənməməsi faktı da bunun xeyrinə dəlalət edir.

Məşhur araşdırmaçı-jurnalist, Azadlıq radiosunun Azərbaycan xidmətinin aparıcısı Xədicə İsmayılova 5 dekabr 2014-cü ildə həbs edilib. Sentyabrın 1-də Bakı Ağır Cinayətlər Məhkəməsi onu 7,5 il müddətinə azadlıqdan məhrum edib. Məhkəmə onu 179 (mənimsəmə və israf), 192 (qanunsuz sahibkarlıq), 213 (vergi ödənişindən yayınma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrlə təqsirli bilib. Baxmayaraq ki, bütün ittihamlar məhkəmə dinləmələri zamanı təsdiqini tapmayıb, jurnalist və onun vəkilləri tərəfindən rədd edilib. Məhkəmənin bu qərarı gözlənilən idi, çünki siyasi xarakter daşıyırdı və hakimiyyətin yüksək eşelonlarında korrupsiya faktlarını araşdıran İsmayılovanın fəaliyyətini neytrallaşdırmaq məqsədi daşıyırdı. Jurnalistin həbsinə əsas olan 125-ci (özünü öldürmə həddinə çatdırma) maddə üzrə İsmayılovaya bəraət verilməsi ədalətli mühakimə ilə heç bir əlaqəsi olmayan prosesin sifarişli xarakterli olduğunu açıq-aşkar nümayiş etdirir. İsmayılovanın fəaliyyəti və son illər məruz qaldığı təqib, o cümlədən hökumətyönlü KİV-lərdə çirkin yalan və böhtan kampaniyası ilə müşaiyət olunan şəxsi həyata müdaxilə də yüksək səviyyədə ona qarşı münasibətin parlaq nümunəsidir. Keçən məhkəmə prosesi və hökm, İsmayılovaya qarşı çirkin kampaniyanın ən son həddi olub və təkcə məhkəmə sisteminin və dövlətin deyil, bütünlükdə cəmiyyətin nüfuzuna qara ləkədir. 2015-ci il yanvarın 29-da Azərbaycan saatı peyk və onlayn televiziyasının, Azadlıq qəzetinin jurnalisti Seymur Həzi 221.3-cü (xuliqanlıq, silah kimi istifadə olunan əşyadan istifadə ilə törədildikdə) maddə ilə 5 il müddətinə azadlıqdan məhrum edilib. O, avqustun 29-da guya tanımadığı Məhərrəm Həsənovun döyülməsinə görə həbs edilib. Jurnalistin vəkili Adil İsmayılov bildirib ki, məhkəmədə onun təqsiri sübuta yetirilməyib, amma Məhərrəmovun məhkəmədə yalan ifadə verdiyi sübut edilib. 2015-ci ilin əvvəllərində Naxçıvanda QHT-lərin inkişafına yardım və Demokratiya Resurs Mərkəzinin əməkdaşları İlqar və Məlahət Nəsibovlar Azərbaycandan təhlükəsizlik məqsədilə Azərbaycandan mühacirət etmək məcburiyyətində qalıb. Onlar Azadlıq radiosu və Turan agentliyi ilə əməkdaşlıq edirdi. İlqar Nəsibov 2014-cü il avqustun 22-də resurs mərkəzinin ofisində bir qrup naməlum şəxs tərəfindən vəhşicəsinə döyülüb, başından ciddi xəsarətlər alıb. Nəsibovlar müntəzəm olaraq təqiblərə və hesablaşma hədələrinə məruz qalırdı. Qeyd etmək lazımdır ki, həbslərdən qaçmaq üçün onlarla jurnalist ölkəni tərk etmək və başqa ölkələrdən sığınacaq almaq məcburiyyətində qalıb. Yüksəliş Naminə qəzetinin redaktor müavini Elçin Həsənov xuliqanlıq (221.3) maddəsilə ittiham irəli sürülüb, 3-7 il arasında həbs gözlənilir.Cinaəyt işi Cəfər Cəfərov adlı şəxslə bir il öncə baş verən insidentə görə qaldırılıb. Barəsində 2015-ci lin aprelindən polis nəzarətinə verilməsi qət-imkan tədbiri seçilib. 2015-ci il aprelin 19-da Grcüstan vasitəsilə ölkəni tərk etmək istərkən barlərində cinayət işi olması ilə bağlı çızıçlarına qadağa qoyulub.
Hazırda ölkədə həbsdə olan jurnalist və bloqqerlər:

 

1. Araz Quliyev, xeber44.com dini saytının baş redaktoru

2. Nicat Əliyev, azadxeber.org saytının baş redaktoru

3. Rəşad Ramazanov, bloger

4. Tofiq Yaqublu, Yeni Müsavat qəzetinin müxbiri

5. Rauf Mirqədirov, Zerkalo qəzetinin müxbiri

6. Pərviz Həşimli, Bizim yol qəzetinin əməkdaşı

7. Abdulla Əbilov, bloger

8. Ərşad İbrahimov, Azadlıq qəzetinin müxbiri

9. Ömər Məmmədov, bloger

10. Sirac Kərimli, bloger

11. Seymur Həzi, Azadlıq qəzetinin əməkdaşı

12. Xədicə İsmayılova, araşdırmaçı-jurnalist

13. Mikayıl Talıbov Acces Bank-ın keçmiş işçisi

Maraqlıdır ki, onlar hamısı narkotik saxlamaq, xuliqanlıq, vergi ödənişindən yayınma kimi ittihamlarla mühakimə olunub. Hakimiyyət nümayişkaranə şəkildə diffamasiya ilə bağlı maddələri tətbiq etmir, bununla Azərbaycanda jurnalistlərin ifadə azadlığına görə deyil, cinayət əməllərinə görə həbs edildiyini göstərməyə çalışır. Söz azadlığına bu cür kütləvi təzyiq Azərbaycan jurnalistikasında və sosial şəbəkələrdə özünüsenzura səviyyəsini xeyli artırıb. Buna həmçinin, 14 may 2013-cü il tarixində ölkə parlamentinin Cinayət Məcəlləsinə etdiyi düzəlişlər də şərait yaradıb. Həmin düzəlişlərə əsasən, böhtan və təhqirə görə cinayət məsuliyyəti tədbirləri təkcə çap və elektron KİV-lərə deyil, həm də İnternetə şamil edilir. AR CM-in 147-ci (böhtan) maddəsinin yeni redaksiyasında cəzalar belədir: 100 manatdan 500 manata qədər cərimə və ya 240 saata qədər ictimai işlər, yaxud 1 ilə qədər islah işləri və ya 6 ay müddətinə azadlıqdan məhrumetmə. Ağır cinayətlər törədilməsində böhtan 3 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır. AR CM-in 148-ci (şərəf və ləyaqətin təhqir edilməsi) maddəsinin yeni redaksiyasında sanksiyalar 300 manatdan 1 min manata qədər cərimə və ya 240 saata qədər ictimai işlər, yaxud 1 ilə qədər islah işləri və ya 6 aya qədər azadlıqdan məhrumetmə. Yerli və beynəlxalq ictimaiyyətin etirazlarına, ATƏT-in KİV azadlığı üzrə xüsusi nümayəndəsi Dunya Miyatoviçin və Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Nils Muyjnieksin prezident Əliyevə müraciətlərinə baxmayaraq, düzəlişlər qüvvədə qalıb. KİV-in iqtisadi cəhətdən boğulması KİV-ə qarşı hakimiyyət tərəfindən qərəzli və qeyri-qanuni münasibətə ən bariz nümunə Azadlıq qəzetinə qarşı yürüdülən siyasət göstərilə bilər. Bu qəzet rəsmən çap olunmasına və Qasid yayım şirkəti tərəfindən satılmasına baxmayaraq, yayım şirkəti qəzetin satışından əldə etdiyi vəsaiti qəzetə verməkdən imtina edir. Azadlıq qəzetinin müraciət etmədiyi qurum qalmayıb, lakin şirkəti borcunu qaytarmağa heç kim məcbur etməyib. Nahayətdə qəzet özünün hər nömrəsinin ikinci səhifəsində Qasid şirkətinin rəhbəri, Milli Məclisin deputatı Mirkazım Kazımovun fotoşəklini dərc etməyə və Bu adama görə Azadlıq qəzetinin əməkdaşları və qəzet özü ağır duruma düşmüşlər yazmağa məcbur olmuşdur. Qəzetin çap olunduğu Azərbaycan nəşriyyatı dəfələrlə Azadlıq qəzetini çap xərcini ödəməyə dəvət etsə də, qəzet Qasid şirkətinin ona olan borcunu qaytarmadığına görə öz maliyyə öhdəliyini icra etməkdə çətinlik çəkib. 18.02.2016 tarixində Azadlıq qəzetinin Azərbaycan nəşriyyatına 13 342 manat, Qasid şirkətinin Azadlıq qəzetinə borcu 69 000 manat olmuşdur. KİV-in iqtisadi cəhətdən əlverişli və azad inkişafının, habelə azad iqtisadiyyatın göstəricisi ölkə ÜDM-də mediareklam bazarının həcminin dünyada qəbul edilmiş normasıdır ki, bu göstərici 1%-dən çox təşkil etməlidir. 2008-ci ildə başlamış növbəti dünya iqtisadi böhranına qədər, demək olar ki, azad iqtisadiyyatı olan bütün ölkələrdə bu nisbət mövcud idi. Növbəti böhran illərində balans pozuldu, amma azalma 2014-cü ilin yekunlarına görə 50%-dən çox olmayıb. ABŞ istisna təşkil edir, burada ÜDM-ə qızıl 1% nisbəti təmin edilmişdi. Azərbaycanda, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2014-cü ildə (2015-ci ilin rəsmi statistik məlumatı hələ dərc olunmayıb) mediareklam bazarının ümumi dövriyyəsi 25,1 mln. manat (32 mln. dollar) təşkil edib.

 

 

 

TV

22 mln. 665,9 min manat ($28,9 mln.)

Radio

1 mln. 376 min manat ($1,7 mln.)

Qəzetlər və jurnallar

244 min manat ($312 min.)

 

775,2 min manat ($0,99 min)

İnternet

 

 

Azərbaycanın mediareklam bazarının həcmi ilə ÜDM-in (73,5 mlrd. dollar) nisbəti 0,034% təşkil edib. Bu, 2005-ci ildə olduğundan xeyli azdır, həmin vaxt bu rəqəm 0,14% təşkil edirdi. Bir halda ki, Turan-ın araşdırmalarına görə, bazarın həcmi 25 mln. manat, ÜDM isə 19,9 mlrd. dollar təşkil edib.

KİV-in maliyyə vəziyyətinin real pisləşməsi göz önündədir.

Bu vəziyyətin obyektiv və subyektiv səbəbləri var.

Obyektiv səbəblərə inhisarlaşmanı və inkişafın tarazlaşdırılmamış olmasını aid etmək olar:

 

 

2005

2014

ÜDM-də enerji resurslarının payı (hazırda)

67%

39,1%

Büdcədə enerji resurslarının payı

54,4%

66%

İxracatda enerji resurslarının payı (2006-cı il)

84,6%

91,07%

Vergilər strukturunda kiçik və orta biznesin payı

5%

-

 

Növbəti obyektiv maneə böyük qeyri-leqal iqtisadiyyat təbəqəsi, qeyri-neft sahəsində inhisarçılıq, kiçik və orta mal və xidmət istehsalçıları sinfinin zəif olmasıdır. Subyektiv səbəblərə dövlət tərəfindən reklam gəlirlərinin qarşısının alınması yolu ilə KİV-in iqtisadi cəhətdən məqsədyönlü şəkildə boğulmasını aid etmək olar. Müstəqil və müxalif KİV-də reklamlara yol verməmək məqsədilə reklam verənlərə təzyiq göstərilib və göstərilir. Bunun nəticəsi olaraq bir institut kimi müstəqil KİV-in mövcudluğuna, praktiki olaraq son qoyulub. 10 mərkəzi kanaldan ibarət olan tele və radioyayıma tamamilə hakimiyyət tərəfindən nəzarət olunur və buraya daxil olan 28,9 mln. dollar vəsait müəyyən mövcudluğu təmin etsə də, cüzi gəlirlər onların inkişafını ciddi şəkildə ləngidir. Hakimiyyət məqsədyönlü şəkildə çap KİV-lərini məhv edir. Ötən il küçələrdə və metroda qəzet satışı qadağan edilib. Köşklərdə məhdud sayda bir müxalif qəzetin ən çox 5 nüsxədə satışına icazə verilir. Adambaşına düşən köşklərin sayı Avropa standartlarından xeyli geri qalır (1500 nəfərə 1 köşk). Bakıda orta hesabla 17 min nəfərə 1 köşk, bəzi yerlərdə 60 min nəfərə 1 köşk düşür. Regionlarda vəziyyət daha da pisdir. Çap və onlayn KİV-in reklam həcmi (1,08 mln. dollar) haqqında məlumatlar onların ticari cəhətdən zəifliyini və xarici maliyyələşmədən tam asılılığını göstərir. 30-a yaxın qəzetin cüzi 3 mln. dollarlıq rəsmi maliyyələşməsi Azərbaycan prezidenti yanında KİV-in inkişafına Dövlət Dəstəyi Fondunun xətti ilə həyata keçirilib. Amma dövlətin qeyri-leqal maliyyələşdirmə aysberqinin əsas və ya sualtı hissəsi on milyonlarla dollar təşkil edə bilər. Azərbaycanda təxminən 250 real çap və on-line KİV var. Orta hesabla bu KİV-in hər birinə ildə 4348 dollar və ya ayda 362 dollar düşür. Əlbəttə ki, onların əksəriyyəti reklam almır, çox az hissəsinin ildə təxminən on minlərlə reklamı olur ki, bu da böyük ştatların saxlanmasına və bir ay ərzində qeyri-leqal əmək haqlarına kifayət etməz. Bundan başqa, hökumət açıq-aşkar jurnalistlərə pulsuz mənzillər verməklə onları öz tərəfinə cəlb etməkdən istifadə edir. 2013-cü ildə 156 mənzilli ev tikilib. 2015-ci ildə daha çox sayda mənzili olan daha bir binanın tikintisinin yekunlaşacağı gözlənilir. KİV haqqında qanun və Jurnalistin Peşə-Etika Normaları Məcəlləsi dövlətdən bu cür hədiyyələr alınmasını qadağan edir.

Tənəzzül

Ümumilikdə, bu siyasət nəticəsində jurnalist mühitində mənəvi-psixoloji tənəzzülün artdığı, peşəkarlıq səviyyəsinin xeyli azaldığı qeydə alınır. Bu il Azərbaycan mətbuatının 140 illiyinin qeyd edilməsi ərəfəsində 800-ə yaxın KİV əməkdaşı fəxri adlar, medallar və mənzil verilməsi xahişi ilə ölkə prezidentinə müraciət edib. KİV getdikcə daha çox təbliğat vasitəsinə çevrilir. Bu, xüsusən əsas informasiya mənbəyi olan TV-də 100%, internet-medianın əksər hissəsində, habelə hakimiyyətin fəal şəkildə İnternet-trolları artırdığı sosial şəbəkədə görünür. Media artıq KİV haqqında qanunun və əsasını Prinsip 1 həqiqətə xidmət, dəqiqlik və obyektivlik təşkil edən Jurnalistin Peşə-Etika Məcəlləsinin ifadə etdiyi funksiyanı daşımır.

 

 

8. Yığıncaq və birləşmək azadlığı (Maddə 11)

Azərbaycanda İnsan Haqlarının pozulması ilə bağlı ciddi problemlər olduğundan (Sərbəst toplaşma , Söz Azadlığı və s.) və ölkədə bu problemləri qabardan ən aktiv kəsimin QHT-lər olması səbəbilə 2013-cü ildən Vətəndaş Cəmiyyətinə siyasi hakimiyyət tərəfindən edilən təzyiqlər intensivləşib. Təzyiqlər həm də QHT-lər haqqında qanuna dəyişikliklər edilməsi, şərtlərin sərtləşdirilməsi ilə də müşahidə olunub. Beləki, Milli Məclis (MM) 2013-cü il dekabrın 17-də vətəndaş cəmiyyəti institutlarının fəaliyyətini tənzimləyən qanunlara Milli Məclisin iclasında dəyişilikləri qəbul edir. 17 oktyabr 2014-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti dəyişikləri imzalayır.

Bu dəyişikliklər QHT-lərin fəaliyyətini ciddi şəkildə məhdudlaşdırır, xarici donorlardan qrant almaga faktiki qadaga olunur (Maddə 24-1. İanələr və qrantlar 561-IVQD ,1081-IVQD), QHT-lərin fəaliyyəti qeydiyyatı və müqavilə bağlamağı İcra strukturlarının və Ədliyyə Nazirliyin tam nəzarətinə keçir (Maddə 24-2.1082-IVQD) . Bu sahədə sərtləşmələr davam edib. Son əlavə və dəyişikliklər isə əsasən aşağıda qeyd olunan qanunvericilik aktlarına edilib: "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu; "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" Azərbaycan Respublikasının Qanunu; "Qrant haqqında" Azərbaycan Respublikasının Qanunu; Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi. Bu dəyişiklərdən sonra Baş Prokurorluq yanında Ağır cinayətlərə dair İstintaq idarəsində "QHT işi adı altında" cinayət işi açılır, ölkənin ən aparıcı QHT-ləri və onların rəhbərləri istintaqa cəlb olunur. Vergi və fəaliyyət yoxlamasına, ofislərinin axtarışına, sənədlərinin və avadanlıqlarının götürülməsinə məruz qalır. VC-nin beynəlxalq arenada tanınmış və böyük nüfuza malik olan üzvləri həbs olunur , bir çox vəkillərin, hüquq müdafiəçilərinin və QHT rəhbərlərinin fəaliyyətinə qadağa qoyulur, şəxsi hesabları dondurulur. Vətəndaş Cəmiyyətinin (QHT-in) fəaliyyətinin iflic vəziyyətinə çatdırılması nəticəsində ölkədə tək insan haqları, seçki, şəffaflıq sahələrində deyil, təhsil, səhiyyə, incəsənət və diqər sahələrdə də xeyli dərəcədə geriləmə müşahidə olunur. Dəyişiklik və əlavələrin böyük əksəriyyətinin məntiqi nəticəsi qanunla müəyyən edilmiş birləşmək azadlığının sərhədlərini daraltmaq, tamamilə bu sektorun fəaliyyətini hökumət nəzarəti altında almaq, müstəqil mənbələrdən maliyyələşərək, ictimai sektorda nəzarətçı funksiyası həyata keçirən QHT-lərin fəaliyətini minimuma endirmək, yaxud tamamilə dayandırmaq olmuşdur. Qanunvericiliyə edilən əlavə və dəyişikliklərin bir hissəsi xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin yaradılması və fəaliyyət göstərilməsi ilə bağlı münasibətlərin yeni müstəviyə daşınması ilə bağlıdır. Daha öncə bu Qanun xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinə şamil edilmir, sadəcə yerli QHT və ictimai birliklərə, fondlara şamil edilirdi. Yeni dəyişikliklər müxtəlif hökumətlərarası Sazişlərlə ölkədə fəaliyyəti hüquqi çərçivəyə salınan və Azərbaycan Respubilkası Humanitar yardım Komissiyası tərəfindən koordinasiya edilən bu qurumlara ciddi nəzarət və məhdudiyyətlər gətirilmiş, bir çox halda daha geniş məhdudiyyətlərə məruz qoyulmuşdur. Bundan belə, təsisçiləri əcnəbilər və ya xarici hüquqi şəxslər olan qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin rəhbərlərinin müavinləri Azərbaycan Respublikasının vətəndaşları olmalıdır. Bu dəyişikliklərdən sonra xarici dövlətlərin qeyri-hökumət təşkilatları tərəfindən Azərbaycan Respublikasının ərazisində yalnız bir nümayəndəlik və ya filial yaradıla bilər. 2009-cu ildən Azərbaycan Respublikasında xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin dövlət qeydiyyatı həmin təşkilatlara bağlanmış saziş əsasında həyata keçirilirdi. Yeni dəyişikliklə bu Sazişlərin müddətli olması da nəzərdə tutulub. Bu istiqamətdə dəyişikliklərdən biri də Qrant haqqında Qanuna olub. Artıq, qrant alan resipiyentlər yerli donorlardan başqa yalnız o xarici donordan qrant ala bilər ki, onlar Azərbaycan Hökuməti ilə saziş bağlamış və onların filial və ya nümayəndəlikləri ölkədə qeydiyyatdan keçmişdir. Bu norma ianələr üçün də eyni ilə keçərlidir. Donor kimi tanınan qurumların siyahısını isə Nazirlər Kabineti müəyyən edəcək. Ayrıca, Qrant haqqında Qanuna edilən dəyişikliyə əsasən qrant müqaviləsi (qərarı) olmadan Azərbaycan Respublikasında fəaliyyət göstərən dini qurumlar, qeyri-hökumət təşkilatları, o cümlədən xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri maliyyə vəsaiti şəklində və (və ya) başqa maddi formada yardım qəbul edə bilməz. Ayrıca, qeydiyyata alınmaq sadəcə qrant müqavilələrinə deyil, sub-qrantlara və qrant müqaviləsi (qərarı) üzrə əlavə müqavilələrin, habelə müqavilələrin (qərarların) müddətinin, məqsədinin, məbləğinin dəyişdirilməsi hallarına da şamil olunur. Bir digər dəyişikliyə görə, ianə edilən pul vəsaitləri qeyri-hökumət təşkilatının, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin bank hesabına köçürmə yolu ilə qəbul edilir və yalnız iki yüz manatadək ianəni nağd şəkildə qəbul edə bilər. Barəsində məlumat təqdim edilməmiş ianələr üzrə bank əməliyyatları və hər hansı digər əməliyyatlar aparılması son dəyişikliklərə görə qadağan edilmişdir. Yeni dəyişikliklərdən sonra, xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilələrin qeydə alınması üçün qeyri-hökumət təşkilatı tərəfindən müvafiq icra hakimiyyəti orqanına təqdim olunması şərti gətirilib. Daha öncə sadəcə qrant müqavilələrinin qeydiyyatı nəzərdə tutulurdusa, indi xidməti müqavilələr də qeydiyyata təqdim edilməlidir. Qeydiyyata təqdim edilməyən xidməti müqavilələr üzrə xidmətlər göstərən və ya işlər görən qeyri-hökumət təşkilatı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən məsuliyyət daşıyır. Yeni əlavələrdən biri də qeyri-hökumət təşkilatlarının, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyətinin onların nizamnamələrinə (əsasnamələrinə) və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğunluğunun öyrənilməsi adı altında, Ədliyyə Nazirliyinin istənilən vaxt müdaxilə imkanının yaradılmasıdır. Həm də bu prosesə hər hansı etiraz etmək məsuliyyət yaradır. Bu maddə ilə gətirilən bir digər önəmli məhdudiyyət, qeyri-hökumət təşkilatına, habelə xarici qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyinə bir il ərzində ikidən çox yazılı surətdə xəbərdarlıq və ya pozuntuların aradan qaldırılması haqqında göstəriş verildiyi halda qeyri-hökumət təşkilatı, habelə xarici qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyi Ədliyyə Nazirliyinin müraciəti əsasında məhkəmənin qərarı ilə ləğv edilə bilər.Yeni dəyişikliyə əsasən, qeyri-hökumət təşkilatları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri fəaliyyətini müvəqqəti olaraq dayandırması ilə bağlı müvafiq icra hakimiyyəti orqanına müraciət edə biləcək. Beləliklə, ləğvetmədən əlavə, fəaliyyətin dayandırılması da qanunvericiliyə daxil edilmişdir. Yeni dəyişikliyə əsasən, qeyri-hökumət təşkilatlarının icra orqanları tərəfindən təşkilatın üzvlərinin hüquqlarının pozulması təşkilatın məhkəmə tərəfindən ləğv edilməsi ilə yekunlaşa bilər. Ayrıca, QHT-lərin işində könüllü fəaliyyətə də məhdudiyyət gətirilib. Könüllünü öz işinə cəlb etmək istəyən qurum gərək bunu nizamnaməsində nəzərdə tutsun və könüllü ilə müqavilə bağlasın. Əks təqdirdə, məsuliyyət yaranacaq.

 

Son dəyişikliklərin bir hissəsi də İnzibati Xətalar Məcəlləsindəki cərimələrin yüksəldilməsi ilə bağlıdır. Qanunvericiliyə gətirilən bütün məsuliyyətlərə görə müxtəlif cərimə sanksiyaları nəzərdə tutulur. Məsələn, qrant müqaviləsi (qərarı) olmadan Azərbaycan Respublikasında fəaliyyət göstərən dini qurumlar, qeyri-hökumət təşkilatları, o cümlədən xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri tərəfindən maliyyə vəsaiti şəklində və (və ya) başqa maddi formada yardımın qəbul edilməsinə görə nəzərdə tutulan cərimə çox yüksək-15000 manatadək miqdardadır. Müqayisə üçün 2009-cu ilədək qanunvericilikdə mövcud olan miqdardan bu miqdar 300 dəfə yüksəkdir. O zaman cərimələrin maksimum həddi 50 manatla məhdudlaşırdı. Ayrıca, bu miqdarda cərimə ilə bərabər, inzibati xətanın bilavasitə obyekti olmuş vəsait və əşyaların müsadirə olunması da nəzərdə tutulur. Təəssüf ki, qeyri-kommersiya qurumlarının, o cümlədən QHT-lərin və xarici qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliklərinin, donorların fəaliyyətinə gətirilən kütləvi məhdudiyyətlər birləşmək azadlığının mahiyyətinə uyğun gəlmir. Birləşmək azadlığı 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikası Konstitusiyasının 58-ci maddəsində hüquqi təminat altına alınmış, hüquqi və fiziki şəxslərin bu hüquqdan sərbəst faydalana biləcəyi nəzərdə tutulmuşdur. Azərbaycanın 2001-ci ildə ratifikasiya etdiyi Avropa İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiyasının 11-ci maddəsində də birləşmək azadlığı hüququ təminat altına alınmışdır. Bu hüquqdan istifadənin məhdudlaşdırılması Konvensiyanın 11-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş əsaslarla mümkündür. 24 dekabr 2002-ci il tarixdə Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında Konstitusiya Qanununun3.6-cı maddəsində də Konvensiyanın 11-ci maddəsinin 2-ci bəndində göstərilən eyni əsaslar sadalanmışdır. Birləşmək azadlığı milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, iğtişaşın və cinayətin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa, heç bir məhdudiyyət qoyula bilməz. Silahlı Qüvvələr, polis və ya inzibati dövlət orqanları üzvlərinin belə hüquqlarının həyata keçirilməsinə qanuni məhdudiyyətlərin qoyulması məhdudlaşdırma kimi qəbul edilmir. Son dəyişiklikliklərin mahiyyətinə baxdıqda, istər Konvensiyanın 11-ci maddəsində, istər Konstitusiyanın 58-ci, 71-ci maddələrində, istərsə də bəhsetdiyimiz Konstitusiya Qanununun 3.6-cı maddəsində sayılan əsasların heç biri bu məhdudiyyətlərin gətirilməsini mümkün etmir. Ayrıca, Konstitusiyanın 25-ci maddəsi ilə qorunan bərabərlik hüququnun da zədələndiyi aydın şəkildə görünür. Ümumiyyətlə, qrant müqavilələrinin, o cümlədən xidməti müqavilələrin də xüsusi olaraq bir neçə prosedurdan keçib, tərcümə edilib, notariusda təsdiq olunaraq dövlət qeydiyyatına təqdim edilməsi, həmin qurumdan qeydiyyata alındığına dair bildiriş alınmadan, bank əməliyyatlarının qadağan olunması, yüksək miqdarda inzibati məsuliyyətlərin müəyyən edilməsi, il ərzində iki xəbərdarlığın, habelə üzvlərin hüququnun pozulmasının qurumun ləğvinə səbəb olması, ayrıca dövlət məmurlarının fəaliyyətsizliyinə görə heç bir məsuliyyətin olmaması, QHT-nin sadəcə qeydiyyatında deyil, fəaliyyətinin bütün mərhələsində dövlət qeydiyyat qurumundan asılılığı ciddi şəkildə birləşmək azadlığının pozuntusudur. Bu məhdudiyyətlərin hər biri birləşmək azadlığını məhdudlaşdıran legitim məqsədləri ciddi şəkildə aşmaqda və demokratik cəmiyyətdə zərurilik testinə uyğun gəlməməkdədir. Ümumiyyətlə, qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında, Qrant haqqında, Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında Qanunda, eyni zamanda İnzibati Xətalar Məcəlləsində edilən dəyişiklik və əlavələrin böyük əksəriyyəti birləşmək azadlığını təhlükəyə salan, onun mahiyyətini əsassız olaraq ortadan qaldıran, azadlığı ciddi və əsassız şəkildə məhdudlaşdıran, icra hakimiyyəti orqanlarına sərhədsiz imtiyaz və səlahiyyətlər verən və demokratik cəmiyyətin davamlılığı üçün zərurilik şərti ilə ayaqlaşmayan, birləşmək azadlığını tamamilə icazə sisteminə bağlayan dəyişikliklərdir. Odur ki, bu qanunların yenidən, demokratik ölkə təcrübələrinə uyğun formada tənzimlənməsi zəruri və aktualdır. Ölkədə qeyri-hökumət təşkilatlarının normal fəaliyyətini bərpa etmək üçün dərhal vətəndaş cəmiyyətinin aktiv iştirakı və qatqısı ilə yenidən hüquqi tənzimləmələr nəzərdən keçirilməli, bütün əsassız məhdudiyyətlər ortadan qaldırılmalıdır.

 

9. Avropa Məhkəməsinə fərdi şikayətin verilməsinə mane olmanın qadağan edilməsi

Aprelin 22-də Bakı ağır Cinayətlər məhkəməsində hüquq müdafiəçisi İntiqam Əliyevə hökm oxundu. O, 3 il dövlət və bələdiyyə qurumlarında rəhbər vəzifə tutmaq haqqından məhrum edilməklə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edildi. O, 2014-cü il avqustun 8-də həbs olunub və vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə, qanunsuz sahibkarlıq və mənimsəmə maddələri ilə ittiham olunurdu. İntiqam Əliyev ölkədə Avropa məhkəməsinə ən çox iş göndərən hüquqşünas hesab edilir. Əksər işləri də müvəffəqiyyətlə bitir. İnsan Hüquqları Evi Şəbəkəsi-nin (Human Rights House Network) üzvləri və Hüquq Müdafiəçilərinin Cənubi Qafqaz Şəbəkəsi (South Caucasus Network of Human Rights Defenders) İntiqam Əliyevin azadlıqdan məhrum edilməsindən dolayı narahatlıqlarını bildirmək və onun azad olunmasına çağırış üçün ölkə prezidenti İlham Əliyevə məktub ünvanlayıb. Bu dəhşətli haldır. Azərbaycan hakimiyyəti vətəndaş cəmiyyətinə ötən il başlayan misli görülməmiş təzyiqləri sürətləndirdi. İntiqam həbs olunandan bəri biz bu addımın onun hüquq müdafiəçisi və beynəlxalq dərəcəli vəkillik fəaliyyətinə qarşı yönəlmiş siyasi addım olduğunu bilirdik. Buna baxmayaraq bu həbs cəzası bizim düşündüyümüzdən daha da insafsızcadır. Bu bəlkə də dövlətlərin və beynəlxalq təşkilatların Azərbaycan hakimiyyətinə qarşı yalnız narahatlıq bəyənatları ilə çıxış etmək deyil, tədbir görməyə başlaması üçün son hadisə olmalıdır, İnsan Hüquqları Evi Fondunun icraçı direktoru Maria Dahle deyir. Xalid Bağırov bildirir ki, Avropa məhkəməsi şikayətçi ilə vəkilin görüşə bilməməsini, ərizəçilər yaradılan problem kimi görür. Bunu xüsusi pozuntu olaraq qəbul edir. Çünki hər bir dövlət Avropa İnsan Hüquqları Konvensiyasını imzalan zaman öz üzərinə öhdəlik götürüb ki, hər bir şikayətçilər AM maneəsiz şikayət vermək və bu şikayətin yaratdığı prosedurlardan istifadə etmək imkanı tanımalıdır. Yəni hökümət bütün şərtlərlə kömək etməlidir ki, şəxs ondan şikayət edə bilsin. Göründüyü kimi biz ciddi problemlərlə üzləşirik. Bu səbəbdən bəzi siyasi məhbusların işləri keyfiyyətli aparmaq olmur.

 

Mülkiyyətin müdafiəsi

Bu il təqdirəlayiq hadisələrdən biri də Avropa məhkəməsinin Azərbaycanla bağlı bir sıra məsələlərdə qərarlar çıxarması oldu. Bunlardan biri də Qış bulvarı salınan zaman mülkiyyət hüquqları pozulmuş şəxslərlə bağlı oldu. Belə ki, bu ilin oktyabrında AİHM Nuriyyə Xaliqovanın şikayətini təmin edib, onun Avropa İnsan hüquq və azadlıqları Konvensiyasının 5 (azadlıq hüququ) və 8-ci (mənzil hüququ) maddələrində zəmanət verilmiş hüquqlarının, habelə Konvensiyaya 1 nömrəli protokolun 1-ci (mülkiyyət hüququ) maddəsinin pozulduğunu etiraf edib. Strasburq məhkəməsi ərizəçiyə maddi ziyana görə 45 min avro və mənəvi ziyana görə 15000 avro təzminat, məhkəmə xərcləri üçün isə 2500 avro ödənilməsini qərara alıb. Bu haqda Turana vəkil Fuad Ağayev xəbər verib. Xatırladaq ki, 2010-2012-ci illərdə hakimiyyət park tikintisi məqsədilə Füzuli, Mirzəli Əliyev və Şəmsi Bədəlbəyli küçələrində azmərtəbəli evləri söküb. Bu tədbirlər pul kompensasiyalarının ölçüləri ilə razılaşmayan minlərlə sakinin kütləvi narazılığına səbəb olub. Parkın tikildiyi bu ərazilərdən ümumilikdə 5 minə yaxın ailə köçürülüb.

Son 10 il ərzində Bakı şəhərində hündürmərtəbəli binaların inşası geniş vüsət almışdır. Bundan və dövlətin etinasız mövqe tutmasından istifadə edən işbazlar açıq-aşkar dələduzluq yolu ilə minlərlə vətəndaşın külli məbləğdə pul vəsaitini ələ keçirərək müxtəlif müddətlərə azadlıqdan məhrum edilmələri ilə razılaşırlar. Vətəndaşlardan alınan on milyonlarla manat pul vəsaitinin qaytarılması istiqamətində dövlət tərəfindən heç bir səmərəli tədbir görülmür. Belə işbazlar tərəfindən təsis edilmiş Gen MMC, Muray MMC, Olimpus AZ MMC, Ələsgəroğlu K MMC, Şakir MTK və digərlərini göstərmək olar. Vətəndaşlardan Məmmədova Gülmirə İmamalı qızı (21 min manat), Məmmədov Rəhman Həbib oğlu (72 min manat), Fərəcov Sabir oğlu (111 min manat), İsmayılzadə Çingiz Alı oğlu (42 min manat), Məmmədova Zəkiyə İmamalı qızı (385 min manat) və yüzlərlə digər şəxslər barəsində onlara vurulmuş ziyanın ödənilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə aktlarının olmasına baxmayaraq, bu günə qədər icra edilməmişdir. 2015-ci ilin fevral ayından başlayan manatın ABŞ dollarına nisbətdə kəskin ucuzlaşmasına və buna görə də inflyasiyanın yüksək həddə çatmasına baxmayaraq banklar tərəfindən vətəndaşlara ABŞ dolları ilə verilən kreditlərin ödənilməsində heç bir güzəşt edilmədi və edilməsi ehtimalı da yoxdur. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.7-ci maddəsində (əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. Valyuta dəyişdikdə mübadilə münasibətlərinin əsasını valyutanın dəyişdiyi gün həmin pul vahidləri arasında mövcud olmuş məzənnə təşkil etməlidir) bu halda müəyyən güzəştin edilməsi tələbi vardır. Bakı şəhər sakinləri Mahmudlu Gülüzar Fərhad qızı və Mahmudlu Arif Rüstəm oğlunun bu məsələ ilə bağlı məhkəməyə etdikləri müraciət nəticə verməmişdir. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti səlahiyyətlərindən istifadə edərək, neft çıxarmaq üçün onlara verilmiş ərazidə inşa edilməsi bəhanəsi ilə vətəndaşların uzun illərdir ki (15 il və daha çox), yaşadıqları evlərin uçurulması tələbi ilə məhkəmələrdə iddia qaldırır və əksər hallarda iddialarının təmin edilməsinə nail olurlar. Müdaxiləmizdən sonra Bakı şəhər sakini Əhmədov Vaqif Yunis oğluna və ailə üzvlərinə (Əhmədov Zaur Vaqif oğlu, Əhmədova Mariya Alik qızı və Əhmədova Tahirə Məmməd qızı) qarşı Dövlət Neft Şirkətinin belə bir cəhdinin 2015-ci il ərzində məhkəmə mübahisəsində qarşısı alınsa da bu məsələnin köklü həlli demək deyil. Hazırda təkcə Bakı şəhərinin Sulu Təpə deyilən yaşayış massivində Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin uçurmaq iddiasında olduğu minlərlə belə ev var. Azərbaycan Respublikası Prezidentinin Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramının təsdiq edilməsi haqqında 1 iyul 2004-cü il tarixli 298 -li Sərəncamının 2-ci bəndində tələb edilir ki, Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanlarının rəhbərlərinə tapşırılsın ki, məcburi köçkünlər öz doğma torpaqlarına qayıdana, həmçinin müvəqqəti yaşamaq məqsədilə yeni qəsəbələrə və evlərə köçürülənədək mülkiyyətindən asılı olmayaraq 1992-1998-ci illərdə müvəqqəti məskunlaşdıqları ictimai binalardan, mənzillərdən, torpaq sahələrindən və digər obyektlərdən çıxarılması hallarına yol verməsinlər. Bu tələbin Azərbaycan Respublikasının Konstitusiyasına, Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikasının mülkiyyətin müdafiəsinə aid qanunlarına zidd olduğu aydındır. Hətta Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında 21 may 1999-cu il tarixli, 669 IQ -li Qanunun 5-ci maddəsində də tələb edilir ki, Məcburi köçkünlərin müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər . Qeyd edilən Sərəncamdan istifadə edən bir sıra məcburi köçkün ailələri vətəndaşların xüsusi mülkiyyətində olan və ya qanunla onlara məxsus mənzillərdə yerləşmiş və dövlət tərəfindən məcburi köçkünlərin həmin mənzillərdən çıxarılması üçün nəinki heç bir tədbir görmür, hətta çox hallarda belə cəhdlərin qarşısını alır. Bu məsələ ilə bağlı xanım Valentina Akimova Azərbaycana qarşı ərizə ilə Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmiş və Yüksək Məhkəmə xanım Akimovanın xeyrinə qərar çıxarmışdır. Təəssüf ki, AİHM-nin xanım Valentina Akimovanın ərizəsi üzrə çıxardığı Qərardan sonra Ölkə rəhbərliyinin bu məsələyə münasibəti dəyişmədi. Nəticədə Azərbaycan AİHM-də onlarla vətəndaşa uduzdu və Dövlət Büdcəsindən külli məbləğdə vəsait ödəməyə məcbur edildi.

 

10. Sosial iqtisadi hüquqlar

 

Azərbaycan Respublikasının Konstitutsiyası ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq, hamının layiqli həyat səviyyəsini təmin etmək hüququnu təsbit edir. Bununla yanaşı Konstitutsiyad qeyd olunur ki, hər kəsin firavanlığının təmin edilməsi hökümətin başlıca niyyətlərindən sayılır. Konstitutsiyanın 27-ci maddəsi isə bütövlükdə yaşamaq hüququna həsr olunub. Bu maddədə birmənalı şəkildə hər kəsin yaşamaq hüququ təsbit olunub. Eyni zamanda qeyd olunub ki, dövlətə silahlı basqın zamanı düşmən əsgərlərinin öldürülməsi, məhkəmənin qanuni qüvvəyə minmiş hökmünə əsasən ölüm cəzasının tətbiqi və qanunla nəzərdə tutulmuş digər hallar istisna olmaqla, hər bir şəxsin yaşamaq hüququ toxunulmazdır.

Bununla yanaşı Avropa Sosial Xartiyasında da qeyd olunur ki, hər bir kəsin öz yaşayışı üçün sərbəst seçdiyi peşə üzrə əməklə qazanmaq imkanı olmalıdır, eləcə də bütün işçilərin əməyin ədalətli, təhlükəsiz və sağlam əmək şəraitlərinə hüquqları var. Avropa Şurasının üzvləri olan və bu sənədi imzalamış hökumətlər üçün nəzərə tutulmuş Avropa Sosial Xartiyası həmçinin bütün işçilərin onların özlərinin və ailələrinin münasib yaşayış səviyyəsinin təmin edilməsi üçün kifayət olan ədalətli mükafata hüquqlarını da tanıyır. Xartiyada qeyd olunur ki, kifayət qədər maddi vəsaitləri olmayan hər bir kəsin sosial və tibbi yardıma hüququ və hər bir kəsin sosial təminat xidmətlərindən istifadə etmək hüququ var.

Son zamanlar Azərbaycan Respublikasında pisləşən iqtisadi durumla əlaqədar olaraq sosial-iqtisadi hüquqlar getdikcə aktuallaşmaqdadır. Hazırda sosial qayğı, yaşamaq hüququ insanları mübarizəyə sövq edir. Təsadüfi deyildir ki, 2016-cı ilin 1-ci ayı ərzində respublikanın bır sıra rayonlarında, o sıradan Lənkəran, Füzulu, Ağcabədi, Siyəzən, Ucar, Quba, Beyləqan, Cəlilabad rayonlarında sosial-iqtisadi hüquqlar uğrunda aksiyalar keçirilib. Bununla yanaşı sosial tələblərlə bağlı aksiyalar bır sıra müəssisələrin, o cümlədən Azərinşaatyolservis, Sədərək və Binə ticarət yarmarkalarında, Çovdar qızıl yatağının istismarına məsul olan şirkətlərə qarşı da etiraz aksiyaları keçirilmişdir. Göründüyü kimi, etirazlar əsasən 2 müstəvidə qeydə alınır. Birincisi, hakimiyyətlə vətəndaşlar arasınsda, ikincisi isə şirkətlərin menecerləri ilə işçiləri arasında. Hər iki etirazın əsas tələbi sosial-iqtisadi hüquqların bərpası və sosial ədalətin təmin olunmasıdır.

Avropa Sosial Xartiyasının 1-ci hissəsinin 6-cı maddəsində qeyd olunur ki, bütün işçilər və işəgötürənlərin kollektiv müqavilələr bağlamaq hüquqları var. Amma təəssüflər olsun ki, Azərbaycanda fəaliyyət göstərən müəssisələrin əksəriyyətində işə götürənlərlə işçilər arasında sosial dialoq əsasında kollektv müqavilələr müzakirə predmeti deyil və həmkarlar ittifaqı da cəlb olunmaqla belə 3 tərəfli müqavilələr imzalanmır. Yalnız ölkə səviyyəsində Həmkarlar Konfederasiyası, Sahibkarlar Konfederasiyası və Nazirlər Kabineti arasında imzalanan Baş Kollektiv sazişə də əməl olunmur. Bu sazişdə hökümət üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Məhz bu səbəbdən də müəssisə səviyyəsində işçilərlə menecerlər arasında konfliktlər getdikcə artır. Son dövrlər müəssisələrin maliyyə vəziyyətinin pisləşməsi onların işçilər qarsısında öhdəliklərinin yerinə yetirilməsində ciddi çətinliklər yaratdığından bu müstəvidə konfliktlərin sayı getdikcə artacaq.

Ölkədə mövcud olan kütləvi işsizlik əsasən regionlarda müşahidə olunur. 2004-2014-cü ildə regionların inkişafına 31,5 milyard manat vəsait ayrılmasına baxmayaraq, bır sıra bölgələrdə infrastrukturla iş yerləri ilə təminat porblemi mövcuddur. Aparılmış iqtisadi təhlillər və müqayisələr göstərir ki, sosial-iqtsiadi tələblərlə aksiya keçirilmiş rayonlara əmək qabliyyətli əhalinin 10-15 faizi muzlu işə cəlb olunub, yerdə qalanları isə işsizdir və iş tapmağa inamlarını da itiriblər. Neftin dünya bazar qiymətlərinin ucuzlaşmasından sonra milli valyutanın iki dəfə devalvasiyası iş yerlərinin sürələ bağlanması, əmək haqlarının dəyərsizləşməsi, istehlak qiymətlərinin bahalaşması gətirib çıxarıb. Bu isə xüsusilə də regionlarda yaşayan əhalinin sosial-iqtisadi tələblərlə etiraz aksiyaları keçirməyə vadar edir. Bu zaman etirazlarını ifadə etmək üçün askiyalar keçirən sıravı vətəndaşlar qanunsuz və haqsiz olaraq polis müdaxiləsi ilə qarşılaşır, represiyalara məruz qalır, hətta onların bəziləri inzibati qaydada həbs olunurlar. Verilən məlumatlara görə, yalnız Siyəzən rayondan 50-dən çox, Qubada 20-dək etirazçı həbs olunmuşdur. Sosial-iqtsiadi tələblərlə dinc aksiyalar keçirənlərin ictimai asayişi pozmaq adı ilə həbsi ciddi qanun pozuntusu hesab olunmaldır. Çünki, insanların yaşamaq hüququ Azərbaycan Respublikası Konstitutsiyasında, eləcə də Azərbaycan hökümətinində imzaladığı Avropa Sosial Xartiyasında və Baş Kollektiv Sazişdə təsbit olnub.

Etiraz aksiyaları keçirilmiş bəzi rayonlarda sosial-iqtsiadi durumu xarakterizə edən əsas göstəricilər təqdim olunur.

 

Siyəzən rayonu

2015-ci ilin əvvəlinə olan məlumata görə, 40,5 min nəfər əhalisi olan Siyəzəndə əhalinin 66 faizi şəhərdə yaşayır. Rəsmi statistik məlumata görə, 25 min əmək qabliyyətli əhali olan rayonda iqtisadiyyatda muzdla işləyənlərin sayı 6,6 min nəfərdir. Torpaq payları olanları nəzərə almasaq, hazırda rayonda işsizlik səviyyəsi 80 faizə yaxınlaşıb. İşləyənlərin orta aylıq əmək haqqı 2015-ci ilin əvvəlinə 362 manat 70 qəpik (və ya hazırkı rəsmi məzənnə ilə 212 dollar) olub. Siyəzənlilər əsasən 13 müəssisədə çalışıblar ki, devalvasiyadan sonra həmin müəssislərin əksəriyyəti işçilərini ixtisar etsələr də, maliyyə vəziyyətləri getdikcə pisləşməkdədir. Rayon ərazisinə və relyefinə görə, kənd təsərrüfatı üçün yararlı və münbit torpaqlara malik deyil. Belə ki, rayonda cəmisi 25 hektar ərazidə kartof, 88 hektar ərazində bostan bitkiləri, 126 hektar ərazidə tərəvəz və 194 hektar ərazidə isə meyvə becərilir. Rayonun ən böyük sosial problemi iş yerlərinin məhdudluğudur.

2015-ci il üçün rayonun yerli büdcəsi 8,8 milyon manat təsdiq olunub.

Ağcabədi rayonu

2015-ci ilin əvvəlinə olan məlumata görə, Ağcabədi rayonunun 130 min əhalisi olub ki, onların da 39 faizi kənddə yaşayr. Rəsmi statistik məlumata görə, 80 min əmək qabliyyətli əhalisi olan rayonda iqtisadiyyatda muzdla işləyənlərin sayı 13,6 min nəfərdir. Torpaq payları olanları nəzərə almasaq, hazırda rayonda işsizlik səviyyəsi 80 faizi ötüb. İşləyənlərin orta aylıq əmək haqqı 2015-ci ilin əvvəlinə 244 manat 60 qəpik (və ya hazırkı rəsmi məzənnə ilə 144 dollar) təşkil edib. Ağcabədililər üçün iş yerləri rayon ərazisində yerləşən 12 sənaye müəssisəsi və kənd təsərrüfatı olub ki, devalvasiyadan sonra sənaye müəssisələri iflic vəziyyətinə düşüb və onların hamısı fəaliyyətini məhdudlaşdırıb, bir neçəsi faktiki olaraq işini dayandırıb. Kənd təsərrüfatında isə rentabellik və məhsuldarlıq problemləri bu sahədə çalışanların qazanclarını azaldıb, devalvasiya nəticəsində azalmış qazanclar daha da dəyərsizləşib.

2015-ci il üçün rayonun yerli büdcəsi 25,7 milyon manat təsdiq olunub.

Ucar rayonu

2015-ci ilin əvvəlinə olan məlumata görə, Ucar rayonunun 84 min əhalisi olub ki, onun da yalnız 22 faizi şəhərdə yaşayır. Rəsmi statistik məlumata görə, 53 min nəfər əmək qabliyyətli əhalisi olan rayonda iqtisadiyyatda muzdla işləyənlərin sayı 7,2 min nəfərdir. Torpaq payları olanları nəzərə almasaq, hazırda rayonda işsizlik səviyyəsi 90 faizə yaxınlaşır. İşləyənlərin orta aylıq əmək haqqı 2015-ci ilin əvvəlinə 252 manat 50 qəpik (və ya hazırkı rəsmi məzənnə ilə 148 dollar) təşkil edib. 2014-cü ildə Ucarda 9 sənaye müəssisə fəaliyyət göstərib ki, onların hamısı fəaliyyətini məhdudlaşdırıb, bir neçəsi faktiki olaraq işini dayandırıb. Rayonda əsas məşğuliyyət kənd təsərrüfat hesab olunur, lakin torpaqlaın şoranlaşması bu rayonda kənd təsərrüfatının gəlirliyinin xeyli azaldıb, son devalvasiya isə gəliriləri daha da dəyərsizləşdirib.

2015-ci il üçün rayonun yerli büdcəsi 16,3 milyon manat təsdiq olunub.

Füzuli rayonu

2015-ci ilin əvvəlinə olan məlumata görə, Füzuli rayonunun 125 min əhalisi olub ki, onun da yalnız 25 faizi şəhərdə yaşayır. Rəsmi statistik məlumata görə, 81 min nəfər əmək qabliyyətli əhalisi olan rayonda iqtisadiyyatda muzdla işləyənlərin sayı 10,8 min nəfərdir. Torpaq payları olanları nəzərə almasaq, hazırda rayonda işsizlik səviyyəsi 85 faizdən yuxardır. İşləyənlərin orta aylıq əmək haqqı 2015-ci ilin əvvəlinə 254 manat 70 qəpik (və ya hazırkı rəsmi məzənnə ilə 149 dollar) təşkil edib. 2014-cü ildə Füzulidə 9 sənaye müəssisə fəaliyyət göstərib ki, onların hamısı fəaliyyətini məhdudlaşdırıb, bir neçəsi faktiki olaraq işini dayandırıb. Rayonda əsas məşğuliyyət kənd təsərrüfat hesab olunur.

2015-ci il üçün rayonun yerli büdcəsi 30,2 milyon manat təsdiq olunub.

Lənkəran rayonu

2015-ci ilin əvvəlinə olan məlumata görə, Lənkəran rayonunun 220 min əhalisi olub ki, onun da 41 faizi şəhərdə yaşayır. Rəsmi statistik məlumata görə, 143 min nəfər əmək qabliyyətli əhalisi olan rayonda iqtisadiyyatda muzdla işləyənlərin sayı 22,1 min nəfərdir. Torpaq payları olanları nəzərə almasaq, hazırda rayonda işsizlik səviyyəsi 85 faizdən yuxardır. İşləyənlərin orta aylıq əmək haqqı 2015-ci ilin əvvəlinə 261 manat 30 qəpik (və ya hazırkı rəsmi məzənnə ilə 154 dollar) təşkil edib. 2010-cü ildə Lənkəran rayonunda 40, 2014-cü ildə isə 32 sənaye müəssisə fəaliyyət göstərib ki, onların da əksəriyyətinin maliyyə vəziyyəti son devalvasiyadan sonra pisləşib və iş yerlərinin ixtisarları başlayıb.

2015-ci il üçün rayonun yerli büdcəsi 37,7 milyon manat təsdiq olunub.

Mülkiyyətin müdafiəsi

Bu il təqdirəlayiq hadisələrdən biri də Avropa məhkəməsinin Azərbaycanla bağlı bir sıra məsələlərdə qərarlar çıxarması oldu. Bunlardan biri də Qış bulvarı salınan zaman mülkiyyət hüquqları pozulmuş şəxslərlə bağlı oldu. Belə ki, bu ilin oktyabrında AİHM Nuriyə Xaliqovanın şikayətini təmin edib, onun Avropa İnsan hüquq və azadlıqları Konvensiyasının 5 (azadlıq hüququ) və 8-ci (mənzil hüququ) maddələrində zəmanət verilmiş hüquqlarının, habelə Konvensiyaya 1 nömrəli protokolun 1-ci (mülkiyyət hüququ) maddəsinin pozulduğunu etiraf edib.

Strasburq məhkəməsi ərizəçiyə maddi ziyana görə 45 min avro və mənəvi ziyana görə 15000 avro təzminat, məhkəmə xərcləri üçün isə 2500 avro ödənilməsini qərara alıb. Bu haqda Turana vəkil Fuad Agayev xəbər verib.

Xatırladaq ki, 2010-2012-ci illərdə hakimiyyət park tikintisi məqsədilə Füzuli, Mirzəli Əliyev və Şəmsi Bədəlbəyli küçələrində azmərtəbəli evləri söküb. Bu tədbirlər pul kompensasiyalarının ölçüləri ilə razılaşmayan minlərlə sakinin kütləvi narazılığına səbəb olub. Parkın tikildiyi bu ərazilərdən ümumilikdə 5 minə yaxın ailə köçürülüb.

 

Son 10 il ərzində Bakı şəhərində hündür mərtəbəli binaların inşası geniş vüsət almışdır. Bundan və dövlətin etinasız mövqe tutmasından istifadə edən işbazlar açıq-aşkar dələduzluq yolu ilə minlərlə vətəndaşın külli məbləğdə pul vəsaitini ələ keçirərək müxtəlif müddətlərə azadlıqdan məhrum edilmələri ilə razılaşırlar. Vətəndaşlardan alınan on milyonlarla manat pul vəsaitinin qaytarılması istiqamətində dövlət tərəfindən heç bir səmərəli tədbir görülmür. Belə işbazlar tərəfindən təsis edilmiş Gen MMC, Muray MMC, Olimpus AZ MMC, Ələsgəroğlu K MMC, Şakir MTK və digərlərini göstərmək olar. Vətəndaşlardan Məmmədova Gülmirə İmamalı qızı (21 min manat), Məmmədov Rəhman Həbib oğlu (72 min manat), Fərəcov Sabir oğlu (111 min manat), İsmayıl-zadə Çingiz Alı oğlu (42 min manat), Məmmədova Zəkiyə İmamalı qızı (385 min manat) və yüzlərlə digər şəxslər barəsində onlara vurulmuş ziyanın ödənilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə aktlarının olmasına baxmayaraq bu günə qədər icra edilməmişdir.

2015-ci ilin fevral ayından başlayan manatın ABŞ dollarına nisbətdə kəskin ucuzlaşmasına və buna görə də inflyasiyanın yüksək həddə çatmasına baxmayaraq banklar tərəfindən vətəndaşlara ABŞ dolları ilə verilən kreditlərin ödənilməsində heç bir güzəşt edilmədi və edilməsi ehtimalı da yoxdur. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.7-ci maddəsində (əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. Valyuta dəyişdikdə mübadilə münasibətlərinin əsasını valyutanın dəyişdiyi gün həmin pul vahidləri arasında mövcud olmuş məzənnə təşkil etməlidir) bu halda müəyyən güzəştin edilməsi tələbi vardır. Bakı şəhər sakinləri Mahmudlu Gülüzar Fərhad qızı və Mahmudlu Arif Rüstəm oğlunun bu məsələ ilə bağlı məhkəməyə etdikləri müraciət nəticə verməmişdir.

Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti səlahiyyətlərindən istifadə edərək, neft çıxarmaq üçün onlara verilmiş ərazidə inşa edilməsi bəhanəsi ilə vətəndaşların uzun illərdir ki (15 il və daha çox), yaşadıqları evlərin uçurulması tələbi ilə məhkəmələrdə iddia qaldırır və əksər hallarda iddialarının təmin edilməsinə nail olurlar. Müdaxiləmizdən sonra Bakı şəhər sakini Əhmədov Vaqif Yunis oğluna və ailə üzvlərinə (Əhmədov Zaur Vaqif oğlu, Əhmədova Mariya Alik qızı və Əhmədova Tahirə Məmməd qızı) qarşı Dövlət Neft Şirkətinin belə bir cəhdinin 2015-ci il ərzində məhkəmə mübahisəsində qarşısı alınsa da bu məsələnin köklü həlli demək deyil. Hazırda təkcə Bakı şəhərinin Sulu Təpə deyilən yaşayış massivində Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin uçurmaq iddiasında olduğu minlərlə belə ev vardır.

Azərbaycan Respublikası Prezidentinin Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramının təsdiq edilməsi haqqında 1 iyul 2004-cü il tarixli 298 -li Sərəncamının 2-ci bəndində tələb edilir ki, Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanlarının rəhbərlərinə tapşırılsın ki, məcburi köçkünlər öz doğma torpaqlarına qayıdana, həmçinin müvəqqəti yaşamaq məqsədilə yeni qəsəbələrə və evlərə köçürülənədək mülkiyyətindən asılı olmayaraq 1992-1998-ci illərdə müvəqqəti məskunlaşdıqları ictimai binalardan, mənzillərdən, torpaq sahələrindən və digər obyektlərdən çıxarılması hallarına yol verməsinlər. Bu tələbin Azərbaycan Respublikasının Konstitusiyasına, Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikasının mülkiyyətin müdafiəsinə aid qanunlarına zidd olduğu aydındır. Hətta Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında 21 may 1999-cu il tarixli, 669 IQ -li Qanunun 5-ci maddəsində də tələb edilir ki, Məcburi köçkünlərin müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər . Qeyd edilən Sərəncamdan istifadə edən bir sıra məcburi köçkün ailələri vətəndaşların xüsusi mülkiyyətində olan və ya qanunla onlara məxsus mənzillərdə yerləşmiş və dövlət tərəfindən məcburi köçkünlərin həmin mənzillərdən çıxarılması üçün nəinki heç bir tədbir görmür, hətta çox hallarda belə çəhdlərin qarşısını alırlar. Bu məsələ ilə bağlı xanım Valentina Akimova Azərbaycana qarşı ərizə ilə Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmiş və Yüksək Məhkəmə xanım Akimovanın xeyrinə qərar çıxarmışdır. Təəssüf ki, AİHM-nin xanım Valentina Akimovanın ərizəsi üzrə çıxardığı Qərardan sonra Ölkə rəhbərliyinin bu məsələyə münasibəti dəyişmədi. Nəticədə Azərbaycan AİHM-də onlarla vətəndaşa uduzdu və Dövlət Büdcəsindən külli məbləğdə vəsait ödəməyə məcbur edildi.

Çox ciddi problemlər azyaşlı uşaqlara alimentin ödənilməsində mövcuddur. Bu məsələdə aşağıdakı misal olduqca xarakterikdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin Qətnaməsi ilə Bakı şəhər sakini Mürşüdova Mehparə Əsgərxan qızının xeyrinə 1999-cu il təvəllüdlü qızı Məmmədova Günay Mübariz qızının və 2001-ci il təvəllüdlü Məmmədova Günel Mübariz qızının yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Goranboy rayonunun Azad kənd sakini Məmmədov Mübariz Qiyas oğlundan 200 (iki yüz) manat alimentin tutulması qət edilmişdir. Borclu bir müddət alimenti ödədikdən sonra 9 ay bundan qabaq icranı qanunsuz və əsassız olaraq dayandırmışdır. Xanım Mürşüdova Mehparə Əsgərxan qızı hazırda xadimə işləyir və aldığı əmək haqqı 200 manatdır. Əmək haqqının 150 manatı yaşadıqları birotaqlı mənzilin kirayəsinə sərf edilir. Sual olunur əmək haqqından qalan 50 manatla üç nəfərin Bakı şəhərində yaşaması mümkündürmü. Goranboy rayon icra qrupuna edilən müraciətlərin isə heç bir faydası olmamışdır. Belə ailələr Ölkəmizdə yüzlərlədir.

***

Mülkiyyət hüququnun insan haqları və Demokratiya aspektində tətqiqat və araşdırılması

Mülkiyyət hüququ ,sosial-iqtisadi hüquqlara aid olaraq, insan hüquq və azadlıqlarından ən fundamentalıdır.Mülkiyyət hüququ bazar iqtisadiyatının və azad cəmiyyətin əsas sütunlarındandır. Əbəs deyilki,bu quruluşlara zidd olan kommunizm ideyaları xüsusi mülkiyyəti inkar edir və ideal olaraq zəncirdən başqa heç bir əmlakı olmayan proletarı (yəni bomju) TƏQDİM EDİRdi.

Ölkənin son illəri əhatə edən dönəmində Azərbaycan vətəndaşın proletarlaşması isiqamətində hakimiyyət srukturlarının və məmur-işbazların fəaliyyəti hesabına ciddi uğurlar əldə edilmişdir.

İnsanlar illər boyu yaşadıqları mənzillərdən,istifadə etdikləri xidmət , ticarət və torpaq sahələrindən sahələrindən məhrum edilmiş və ya daha əlverişsiz şəraitə dəyişdirilməsinə,qeyri-adekvat mübadiləyə məruz və məcbur qalmışlar.

Bütün bunlar, nəinki insan haqları sahəsində Beynəlxalq Konvensiya və Deklarasiyalara , həmçinin mövcud milli qanunvericiliyin kobud pozulması nəticəsində baş vermişdir

Baxmayaraq ki,əksər mülkiyyət haqlarının pozulması ilə müşahidə edilən söküntü tikinti işləri,xüsusi ilə paytaxt Bakıda Şəhər baş planın reallaşması bəhanəsi ilə aparılırdı,informasiya sorğuları və məhkəmə prosesləri nəticəsində əvvəldən bildiyimiz həqiqət öz təsdiqini tapdı ki,müvafiq qaydada təsdiqlənmiş ,hüquqi səlahiyyəti olan Bakı Şəhər baş planı mövcud deyil.Onun müəyyən hissəsi işlənib,bəziləri üzərində iş gedir,amma tamamlanmış və təsdiq edilmiş baş plan hal-hazırda belə (2015-ci ilin sonu-2016-nın əvvəli) tam olaraq hazır deyil.

Rəsmi qurumlar,xüsusi ilə Bakı şəhər icra hakimiyyəti,mütəmadi və davamlı olaraq,şüurlu sürətdə ölkə ictimaiyyətinə və həmin ərazilərin sakinlərinə yalan deyirlər.

Mülkiyyət hüququnun qanunvericilik əsasları

İnsan hüquqları haqqında ümum bəyannamə- 10 dek.1948-ci il

-İnsanın əsas hüquqları,insan şəxsiyyətinin ləyaqət və dəyəri

Maddə 8- hər bir insan onun konstitusiya,yaxud qanunla verilmiş əsas hüquqları pozulduğu hallarda həmin hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən təsirli şəkildə bərpa olunması hüququna malikdir

Maddə 9- heç kəs əsassız həbs oluna,tutulub saxlanıla,yaxud sürgün edilə bilməz.

Maddə 12- ...mənzil toxunulmazlığına....qəsd edilə bilməz

Maddə 13---1.hər bir insan ... sərbəst yerlşmək və özünə yaşayış yeri seçmək hüququna malıkdır.

Maddə 17---1.Hər bir insanın həm təkbaşına,həm də müştərək əmlak sahibliyi hüququ var.

2.Heç kəs özbaşına öz əmlakından məhrum edilə bilməz.

Hüquqi nihilizmin və riyakarlığın daha bir nümunəsi odur ki, Azərbaycan vətəndaşlarının mülkiyyətdən qeyri-qanuni məhrum etmə hadisələri cərəyan edən zaman 2009-cu ilin sonunda Azərbaycan parlamenti Avropa memarlıq irsini qorumaq barədəAvropa xartiyasına qoşulmuşdur.

Həmçini dövlətimiz Orhus konvensiyasına da xeyli zamandır qoşulmuşdur.Bu sənədin predmeti ətraf mühitin ( ancaq ekoloji deyil,mədəni,şəhər və s.) formalaşmasında vətəndaş iştirakını nəzərdə tutur. Ətraf mühit formalaşan zaman,bu proseslər barədə məlumat almaq, qərarların qəbulunda iştirak və s.vətəndaşların təməl haqlarıdır,amma göründüyü kimi hakimiyyət nümayəndələri hələ özləri də qəbul etdikləri sənədlər barədə məlumatlı deyillər. Informasiya almaq,vermək,ötürmək hüququ təmamilə formal olaraq bəyan edilir və real məzmun daşımır. İdarəçilikdə iştirak nə birbaşa, nə dolayısı ilə- vasitəçiliklə, Azərbaycan vətəndaşı üçün əlçatmazdır. Demokratik hakimiyyətin əsas prinsiplərindən biri olan hakimiyyət bölgüsü prinsipi ölkədə mövcud deyil,məhkəmələrin tərəfsiz və müstəqil olmaması yaranmış kütləvi problemləri hüquqi müstəvidə həllinə imkan vermir.Hüquq və azadlıqların qorumaq niyyətində olan prinsipial vətəndaş Avropa məhkəməsini yolunu tutub. Hal- hazırda mülkiyyət hüquqlarının pozulması total xarakter daşıyır və kütləvi hal almağa başlayıb.Əvvəllər də insan haqları və demokratiya müstəvisində ciddi problemləri olan ölkənin bu pozuntuların təsnifatında birinciliyi- öz kütləviliyinə görə- mülkiyyət hüquqlarının pozulması əldə edib. Bəzi hüquqşünasların fikrincə ölkədə mülkiyyətin kütləvi formada yenidən və zorakı yollarla bölünməsi baş verir. Daşınmaz mülkiyyət ancaq vətəndaşların mənzilləri deyil, həmçinin istehsalat və təmir sahələri,kommersiya və biznes obyektləri,mağazalar və sexlərdir.Onların vəziyyəti hətta mənzil sahiblərinin vəziyyətlərindən daha ağırdır.

Problemin tarixcəsi və yaradan səbəblər

Neft müqavilələrinin nəticəsində dövlət büdcəsinə gəlirlərin axını başlayandan paytaxtın bütün ərazisində,xüsusi ilə mərkəzində torpaq ,yaşayış və qeyri- yaşayış sahələrinin qiyməti hər gün artmağa, Xarıcı firmalar və işçilər paytaxta axın etməyə başladılar....

Kütləvi ,xaotik, plansız, hündürmərtəbəli tikililər şəhərin tarixi mərkəzini işğal etdi...

Məmurlar tikinri mafiyası ilə əlbir olub,kriminal gəlirlər həvəsi ilə bütün şəhərsalma,tikinti,memarlıq və hüquqi norma və standartları çeynəyib- tüpürdlər...

İqtisadçılar,əmlakçılar,mühəndislər hal- hazırki tikinti və mənzil qiymətlərinin maya dəyərindən qat- qat ,hətta 8-10 dəfə artıq olduğunu söyləyirlər.

2007-2010 cu illərdə Şəhərdə eyni vaxtı 400-500 ÇOXMƏRTƏBƏLİ bina ucaldılırdı....başqa bir fakt da mövcuddur ki,tikilən binaların məskunlaşması illər keçəndən sonra belə 30%-dən aşağıdır... Bu da o deməkdir ki,1-ci kütləvi tikililər sosial ,iqtisadi və ictimai sifariş deyildir, 2-ci qiymətlər vətəndaşların imkanları xaricindədir...

Kütləvi tikililər sosial və ictimai sifariş olmamaqla,bu proseslər azad bazar iqtisadi prinsipləri ilə tənzimlənmir,hüquqi və aşkar şəraitdə həyata keçirilmir,tam əksinə inzibati- zorakı metodlarla icra olunur...

Son dönəmdə ölkədə mülkiyyə hüuqunun pozulmasının mərhələləri

Çox təəsüf ki,maliyyə böhranına baxmayaraq rəsmi qurumların söküntüyə marağı azalmırBakının mərkəzində daha 1000 ev və obyekt söküləcək-16 dekabr 2015, - SAYTLARDA MƏLUMAT GEDİB.

Day.az bildirir ki, "Azəryolservis" in bir sıra layihələri biri də Bakının Yasamal rayonundakı Balababa Məcidov və Abdulla Şaiq küçələrinin rekonstruksiyasıdır. Layihə çərçivəsində küçələrin asfalt örtüyünün yenilənməsi ilə yanaşı, yüzlərlə obyekt və tikili söküləcək.

Proses artıq başlanıb. İşlərin nə zaman başa çatacağı bəlli deyil.Yasamal Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, söküntü işlərinin başlayacağı barədə sakinlərə aylar əvvəl yazılı xəbərdarlıq göndərilib. Sökülən evlərin sakinlərinə hər kvadratmetr üçün 1500 manat kompensasiya veriləcək.

İnsan Hüquqları İnstitutu bildirir ki, paytaxt Bakı şəhərinin "Sovetski" kimi tanınan məhəlləsində söküntü işləri davam edir. Sözügedən ərazidə söküntü işləri Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun 12 dekabr 2013-cü il tarixli sərəncamı əsasında 2014-cü ilin fevral-mart aylarından başlamış, söküntü işlərinin icrası Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən icra olunmuşdur.

İlkin mərhələdə söküntü işlərinin "Sovetski" məhəlləsi ərazisində yerləşən Çingiz Mustafayev, Mirzağa Əliyev, Mirzə Fətəli döngəsi, Süleyman Rəhimov, Murtuza Muxtarov, Mirzə Fətəli, Nabat Aşurbəyova (keçmiş Mustafa Sübhi ), Zülfü Adigözəlov, Abdulla Şaiq küçələri və Nərimanov prospekti ərazisində, könüllü əsaslarda alqı satqı edilərək aparılması nəzərdə tutulmuşdu. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 noyabr 2015-ci il tarixli 358 nömrəli qərarına əsasən isə söküntü işləri "Torpaqların dövlət ehtiyyacları ücün alınması haqqında" Azərbaycan Respublikasının Qanununa uygun olaraq aparılmasına start verilmişdir. Qərarda göstərilmişdir ki, "Sovetski" məhəlləsi deyilən ərazidə Nəriman Nərimanov prospekti ilə Abdulla Şaiq, Lev Tolstoy, Əlibəy Hüseynzadə küçələri və Azərbaycan prospekti ilə Abdulla Şaiq, Çingiz Mustafayev və Süleyman Rəhimov küçələri arasındakı ərazidə 730, Nabat Aşurbəyova, Mirzə Fətəli Axundov, Çingiz Mustafayev və Bəşir Səfəroğlu küçələri arasındakı ərazidə 175, Cəfər Cabbarlı küçəsi ilə Balababa Məcidov küçəsinin kəsişməsindən Nəriman Nərimanov prospektinə qədər olan ərazidə 70 və Balababa Məcidov küçəsi ilə Nabat Aşurbəyova küçəsinin kəsişməsindən Süleyman Rəhimov küçəsinə qədər olan ərazidə 118 ədəd, ümumilikdə sayı 1093 olmaqla vətəndaşlara məxsus yaşayış və qeyri-yaşayış obyektlərini Bakı şəhərinin Baş Planına uyğun olaraq dövlət ehtiyyacı məqsədi ilə alınır. Sözügedən ərazidə dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi nəzərdə tutulub, əraziləri alan orqan kimi Yasamal Rayon İcra Hakimiyyəti müəyyən edilib.

Söküntü işləri çərçivəsində vətəndaşlara verilən kompensasiya məbləği yaşayış sahələrinin hər kvadrat metri üçün 1500 manat müəyyən olunmuş, 2015-ci ilin fevral və yenə həmin ilin dekabr aylarında baş vermiş devalvasiyaya rəğmən kompensasiya məbləği dəyişməz olaraq saxlanılmışdır. Kompensasiyaların hər mənzil üçün ümumi məbləği isə "Azər Expert" MMC tərəfindən müəyyən olunur. Yaşayış ərazisi 25 kvadrat metr və aşağı olan vətəndaşların mənzillərinə verilən kompensasiyaların aşağı məbləğlər olması səbəbi ilə Nazirlər Kabinetinin 9 iyun 2015-ci tarixli sərəncamına müvafiq olaraq Nərimanov rayonunda, metronun "Gənclik" stansiyası yaxınlığında 2 binada yerləşən, ümumilikdə 200 ədəd, hər birinin ümumi sahəsi 45 kvadratmetr olan 2 otaqlı mənzillər "Sovetski" məhəlləsi sakinlərinə verilməsi qərara alınmış, mənzillər payız aylarında təhvil verilmişdir. Hazırda söküntü ərazisində yaşayan az kvadratlı mənzillərə sahib sakinlər üçün Nərimanov rayonu ərazisində, Təbriz və Koroğlu Rəhimov küçələrinin kəsişməsində yeni bina tikilir. Binanın aprel - may aylarında istifadəyə verilməsi planlaşdırılır.

Ərazidə söküntü işləri 6 mərhələdə aparılır. İlk iki mərhələnin söküntüsü başa çatdırılmış, 2014-cü ilin iyuluna qədər 1950, 2014-cü ilin sentyabrına qədər 2000-dən biraz çox, 2015-ci ilin yanvar ayına qədər 2300, 2015-ci ilin fevral ayına qədər isə 2315 mənzillə alqı satqının aparıldığı bildirilmişdir. Ümumilikdə 10500 yaşayış və qeyri yaşayış ərazisinin köçürülməsi nəzərdə tutulmuş, ərazidə yerləşən mülkiyyətlərin 2015-ci ilin fevral ayına kimi 65%-i olmaqla 6892-sində ölçülmə işi yekunlaşmışdır, həmin ilin may ayına kimi isə bu rəqəm 82% olmaqla 8600 təşkil etmişdir.

İnsan Hüquqları İnstitutunun araşdırması nəticəsində məlum olmuşdur ki, söküntü işlərinin icrası zamanı bir sıra təhlükəsizlik tədbirlərinə əməl olunmur. Vətəndaşların mənzillərinə bitişik olan evlər söküldüyü zaman köçməkdən imtina etmiş/hələ köçməmiş vətəndaşların evlərinin dam örtüyü zədələnir, duvarlarda çatlar hətta duvarın tamamilə uçması kimi hallar yaşanır. Bundan əlavə bır sıra texniki qüsurlar kimi ərazidə yaşayan vətəndaşların mənzillərinə gedən qaz xəttlərinin qəzalı vəziyyətə salınması, su xəttlərinin partlaması, sakinlərin mənzillərinə gedən yolların sıradan çıxarılması/qəzalı vəziyyətə salınması, elektrik enerjisinin verilişində ara sıra fasilələrin olması, söküntü ərazisində işçi qismin çalışan fəhlələrin təhlükəsizlik geyimləri və kaskaların təmin olunmaması göstərilə bilər. Ərazidə polis nəzarəti çox zəif olduğundan, sakinlərin və onların mülkiyyətlərinin təhlükəsizıiyi də ciddi sual altındadır. "Sovetski" məhəlləsinin hazırda söküntü gedən ərazilərinin baxımsız və nəzarətsiz olması isə söküntü zonasında anti sanitariyanın hökm sürməsinə səbəb olur

"Sovetski" məhəlləsi sakinlərinin köçürülməsi nəticəsində boşaldılmış ərazidə bir sıra tikintilərin aparılması nəzərdə tutulmuşdur. Söküntünün başladığı ilk mərhələlərdə Nərimanov prospekti boyu yerləşən mənzillərin yerində yol salınaraq, prospektin genişləndirilməsi, digər ərazilərin ( Azərbaycan Akademik Milli Dram Teatrının arxasından üzü yuxarı olmaqla Nərimanov prospektinə qədər ) böyük bir hissəsində yaşıllıq zolağı və parkın salınacağı planlaşdırılmışdı. 2015-ci ilin iyun ayında mətbuata açıqlama verən Bakı Şəhər İcra Hakimiyyəti ( BŞİH ) başçısı Hacıbala Abutalıbov, sökülən ərazilərdə yaşıllıq və istirahət zolağının olacağını qeyd etmişdir. Yenə həmin ilin oktyabrında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov müsahibə zamanı ərazidə böyük bir parkın salınacağını qeyd edib. Lakin, son bir ayda ərazidə gedən bir sıra işlər yuxarıda deyilənləri bir qədər sual altına qoymaqdadır. Belə ki, ötən 2015-ci ilin dekabrında Nəqliyyat Nazirliyi tərəfindən bir sıra ölçü və hesablama işləri aparılmış ( hazırda həmin işlər 28 dekabr 2015 tarixində Nəqıiyyat Nazirliyinin nəzdindən ayrılaraq müstəqil qurum olaraq fəaliyyət göstərən "Azəryolservis" ASC tərəfindən həyata keçirilir ), Bakının "Beşmərtəbə" deyilən ərazisindən Nərimanov prospektinəcən üç yolun salınması üçün müvafiq işlərin aparılmasına başlanılmışdır. Bu məqsədlə yaxın 15-20 gün ərzində yolların çəkiləcəyi ərazilərdə olan mənzillərin təcili qaydada boşaldılması həyata keçiriləcəkdir. Hazırda ərazidə hesablamalarımıza görə 200-250-yə qədər mənzil qalmaqdadır. Bu halda isə parkın salınması sual altına düşür və hər hansısa böyük bir parkın tikilişi mümkünsüz olacaqdır. Ölçü işlərinin bir neçə dəfə aparılaraq, hər dəfə müəyyən dəyişikliklərə məruz qalması, yolun çəkilməsi ilə bağlı işlərdən bir müddət əvvəl parkın salınacağı ilə səsləndirilən fikirlər hazırda ərazinin taleyi ilə bağlı yekun qərarın və planın olmaması təəssüratını yaradır. Qeyd edək ki, hazırda Bakının yeni Baş Planı - Böyük Bakı Regional İnkişaf Planı hazırlansa və 2014-cü ilin may ayında təqdimatı keçirilsə də, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunmayıb ( faktiki olaraq Bakı şəhərinin Baş Planı da yoxdur ). Hansı ki, təsdiq olunmamış Böyük Bakı Regional İnkişaf Planında həmin ərazilərdə parkın salınması öz əksini tapıb və qalan ərazilərlə baglı isə hec bir yenilik qeyd olunmayıb ( sıx məskunlaşmış ərazi kimi qeydə alınıb, aşağıdakı xəritədən tanış ola bilərsiniz ). Xatırlatmaq istərdik ki, Bakının ilk Baş planı 1898-ci mülki mühəndis N.A. fon Der Nonne tərəfindən hazırlanıb. 1932-ci ildə paytaxtın ikinci Baş planı tərtib olunub. 1964-cü ildə isə Azərbaycan SSR Nazirlər Soveti şəhərin üçüncü Baş planını, 1987-cı ildə isə sayca dördüncü planı təsdiq etmişdir. Sonun plan 2005-ci ilədək olan dövrü əhatə edib.

Bu da orta hesabla 50 mindən çox əhalidən söhbət getdiyini deməyə əsas verir.

Ən çox xırda ölçülü mənzillərin sahiblərinə ciddi problem yaranıb,bütün ərazidə mübadilənin qeyri- adekvat olduğu,ölçülərin obyektiv aparlmamsı vətəndaşların mülkiyyət hüquqularının pozulmasına dəlalət edir.Bütün kommunikasiya xətlərinin ,rabitə,qaz,işıq,su və s.sökülməsi insanların köçürülməyə məcbur edir.İlkin mərhələdə keçirilən aksiyalar dağıdılıb və həbslər aparılıb.Başqa bir vacib məqam ondan ibarətdir ki,bu ərazi İÇƏRİ Şəhərdən sonra Bakının ikinci tarixi ərazisini təşkil edirdi,burada rəsmi məlumatlara görə dövlət tərəfindən qorunmalı olan 190-a yaxın tarix-mədəniyyət abidəsi yerləşirdi,artıq bir-neçəsi sökülüb,başqaları da ciddi təhlükə altındadır.Bu da bütün xalqı öz mədəni irsindən istifadə hüququndan məhrum edir.

 

11. Təhsil hüququ

Heç kəs təhsil hüququndan məhrum edilə bilməz. Dövlət təhsil və tədris sahəsində öz üzərinə götürdüyü funksiyaları yerinə yetirərkən, valideynlərin öz dini və fəlsəfi baxışlarına müvafiq olan təhsil və tədrisi təmin etmək hüququna hörmət edir.

Təhsil və erkən nikahlar

Hər insanın təhsil hüququnun olmasına baxmayaraq, son illərdə məktəbi yarımçıq qoyanların sayı artıb. Bu cür hallar daha çox kənd icmalarına və məcburi köçkünlərə aiddir. Ümumilikdə bu hal qızlarda iqtisadi səbəblərə görə, bəzən isə erkən nikahlar səbəbindən əksini tapır. Yaş, cins və faktorlar rəngarəngliliyi: Azərbaycan məcburi köçkünləri ilə birgə qiymətləndirmə hesabatından sitat gətirilir ki, Erkən nikahlar adətən kəndlərdə yaşayan qızlara təsir göstərir. Bundan əlavə bəzi valideyinlər öz qızlarını müəyyən yaşdan sonra məktəbdən, ev işləri ilə məşğul olmasına görə götürüblər. Bundan əlavə 10-dan çox Azərbaycan qadın QHT-ləri xəbər verir ki, 12-15 yaşında məktəbi tərk edən qızlarla bağlı hallar ən çox Cənubi Azərbaycan zonasında və Bakının əyalətlərində baş verir. Bu cəmiyyətlərdə məktəbi bitirmiş qız evdə qalmış hesab oluna bilər və cəmiyyətdə sevilməyə bilər. Tədqiqatlar gösətir ki, erkən yaşda atılan təhsil gələcəkdə həm ananın, həm də doğulan uşağın sağlamığına ciddi təsir göstərə bilər. Ananın təhsili nə qədər yüksəkdirsə, o qədər uşağın ölmə şansı azdır. Təhsil həm də qızlara yeniyetmə hamiləliklə bağlı problemlərdən qoruya bilər. Demoqrafik və səhiyyə tədqiqatlarına əsasən, körpənin öz ilk ad gününə qədər ölmə ehtimalı ananın 20 yaşdan az olduğunda daha yüksəkdir, nəinki 20-29 yaş arası olan analarda.

 

12. Hərəkət azadlığı

Azərbaycanda siyasi girovlar problemi

Azərbaycanda siyasi məhbuslar problemi ilə yanaşı, siyasi girovlar problemi də var. Siyasi girovlar repressiyaya məruz qalıb, fəaliyyəti məhdudlaşdırılan və nəzarət altında saxlanılan, ölkədən çıxışına yasaq qoyulan ictimai siyasi fəallar, onların qohumları, iş adamları və s.-dir. Bu gün Azərbaycanda çoxlu sayda siyasi fəallar, liderlər, eyni zamanda tanınmayan ailələr var ki, onları siyasi girovlar hesab edirlər. Onların ölkədən çıxışına, bank hesablarına, mülklərinə, əmlaklarına yasaq qoyulub. Bir çoxu haqqında illərdir açılmış qondarma cinayət işləri var. Bir çoxları həmin cinayət işlərində sadəcə formal şahiddir. Bəzilərinə xarici pasport verilmir, bəzilərinə isə səbəb, hətta bəhanə tapmayan hakimiyyət sadəcə onları girov kimi saxlayır. Bu problem insanların sadəcə ölkədən çıxıb başqa ölkəyə getmək, orda gəzmək, alış-veriş hüququnun tapdanması demək deyil. İnsanlar var ki, atasını, anasını, ailəsini illərdir görə bilmir. Vətənə gələ bilmir, vətəndən gedə bilmir. İnsanlar var ki, xaricdə olan bizneslərini idarə etmək, dolanışıqlarını təmin etmək üçün illərdir ki, ölkədən çıxa, hərəkət edə bilmirlər... Bu problem ciddi və böyük problemdir. Məsələnin ictimai gündəmə gəlməsi və çözülməsi üçün müəyyən addımlar atılmalıdır. İctimai-siyasi fəalların, vətəndaş cəmiyyəti institutlarının bu sahədə birgə fəaliyyətinə ehtiyac var. Yuxarıda dediklərimizi sadə misallarla da göstərmək mümkündür; jurnalistlər Aynur İmranova, Aynur Elgünəş, Şahvələd Çobanoğlu, iqtisadçı Natiq Cəfərli, hüquq müdafiəçisi Oqtay Gülalıyev, eyni zamanda onun oğlu, Meydan TV-nin bir çox əməkdaşları, "QHT-işi"adlananan cinayət işində şahid kimi dindirilən onlarla vətəndaş cəmiyyəti üzvü, jurnalist Xədicə İsmayılın işinə şahid kimi cəlb olunan əksər şahidlər, o cümlədən, Azadlıq radisonun keçmiş redaktoru Babək Bəkir, hüquqşünas Rövşanə Rəhimli, ABU-nun sabiq rektoru Elşad Abdullayevin bir sıra qohumları, o cümlədən qardaşı İsmayıl Abdullayev, bacısı oğlu Azad Mursalıyev, qayınatası Hüseyn Əzizov, onun hətta 11 yaşlı nəvəsinin və s. ölkədən çıxışına yasaq qoyulub. AXCP sədri Əli Kərimlinin xarici pasportunun ondan alınması və beləliklə xaricə səfərlərinə qoyulmuş qadağa bu sahədə ciddi qanun pozuntularının mövcudluğuna sübut sayıla bilər. Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi ictimai birliyinin prezdienti, Yüksəliş Naminə qəzetinin baş redaktoru Elçin Məmməd 2015-ci ilin mayında xaricdən qayıdarkən Mütəşəkkil Cinayətkarlığa Qarşi Mübarizə Baş İdarəsinə aparılıb, ölkədən çıxışına qadağa qoyulub. Amma E.Məmmədə bu qadağanın səbəbləri izah edilməyib. 2015-ci ilin avqustunda Gürcüstan vasitəsilə xaricə gedən zaman sərhəd məntəqəsində saxlanılıb, xarici paspotu əlindən alınıb. Qanunsuz sahibkarlıq fəaliyyətində, səlahiyyət həddini aşmaqda ittiham edilir.

 

13. Vətəndaşlıq və siyasi hüquq və azadlıqlar

2015-ci ilin iyun ayında Emin Hüseynov vətəndaşlıqdan çıxarılıb. 10 ay İsveçrə səfirliyində qaldıqdan sonra Emin Hüseyov ona qarşı əsassız şəkildə irəli sürülən 160 min dollar vergi borcunu ödəyərək, İsveçrəyə aparılıb. Bundan sonra guya onun öz müraciətinə əsasən prezident 1296 saylı 10 iyun 2015-ci il tarixli sərəncamı ilə onu vətəndaşlıqdan çıxarıb. Əslində isə belə müraciət olmayıb və 17 dekabr 2015-ci ildə həmin sərəncamdan Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edilib. Emin Hüseynovun vətəndaşlıqdan çıxarılması onunla Azərbaycan Respublikası arasında olan hüquqi və siyasi bağlılığa birtərəfli qaydada xitam verilməsi deməkdir. Ona vurulmuş bu zərərin hazırki şəraitdə Azərbaycan məhkəmələri vasitəsilə bərpası və ya qarşısının alınması mümkünsüzdür. Ona görə də birbaşa Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət olunub. Ölkə başçısının qeyd olunan sərəncamı qanuna ziddir və əsassızdır. Çünki şəxs başqa ölkənin vətəndaşlığını qəbul etməyibsə və ya başqa ölkənin vətəndaşlığına qəbul ediləcəyi ilə bağlı öhdəlik sənədi təqdim etməyibsə, onu vətəndaşlıqdan çıxarmaq olmaz. İnsan hüquqlarının müdafiəsində beynəlxalq mexanizmlərin rolu Azərbaycan Respubikası müstəqillik əldə etdikdən sonra beynəlxalq hüququn subyekti kimi bir sıra beynəlxalq müqavilələrə tərəfdaş olmuş, beynəlxalq təşkilatlara qoşularaq bir sıra hüquqlar və öhdəliklər əldə etmişdir. Şübhəsizdir ki, Azərbaycan 1992-ci idlə BMT-yə üzv olan zaman onun qarşısında duran öhdəliklər yalnız dövlətlərarası münasibətləri yaxşılaşdırmaq və dünya birliyinə inteqrasiya ilə məhdudlaşmayacaqdı. BMT çərçivəsində qəbul edilmiş və dövlətlər tərəfindən ratifikasiya edilmiş bir sıra beynəlxalq Pakt və Konvensiyalar dövlətlər qarşısında vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi və bu vəzifədən irəli gələn siyasi və hüquqi mühitin yaxşılaşdırılması kimi mühüm təminatları da tələb edir. İnsan hüquqları haqqında Ümumi Bəyannamə qəbul edilən zaman bi sıra mühüm müddəalar İnsan hüquq və azadlılarına hörmətin və onun müdafiəsinin təminatıçısı kimi bərqərar edilməsini ilk dəfə müəyyən etmişdir. Şübhəsiz ki, Bəyannamənin 1-ci maddəsində qeyd olunduğu kimi bütün insanlar ləyaqət və hüquqlarına görə azad və bərabər doğulurlar anlayışı BMT üzv dövlətlərdə hökumətlərin insan və vətəndaşlara münasibətdə siyasi ismarıc göndərir. Azərbaycam 1992-ci ildə həm İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Pakta, həm də Vətəndaş və siyasi hüquqlar haqqında Beynəlxalq Pakta qoşularaq onu ratifikasiya etmişdir. Bundan əlavə, Milli Məclis 2001-ci ildə Vətəndaş və siyasi hüquqlar haqqında Beynəlxalq Pakta birinci Fakultativ Protokolu ratifikasiya edərək bu pakt çərçivəsində müəyyən edilmiş şikayət mexanizmlərini və bu fakultətiv protokolla yaradılmış BMT-nin İnsan Hüquları Komitəsinin fərdi şikayətlərin qəbulu ilə bağlı imkanını da tanımış olmuşdur. Təbii ki, bu Paktı ratifikasiya etmiş dövlətlərin vətəndaşları Paktda olan vətəndaş və siyasi hüquqların pozuntusu qurbanı olan şəxslər Komitə ilə fərdi kommunikasiya qurmaq hüququ əldə edir. Bu pakta qoşulmuş dövlətlər Komitəyə mütəmadi olaraq vətəndaş və siyasi hüquqların müdafiəsi və həyata keçirilməsi ilə bağlı dövri hesabat göndərmək öhdəliyi daşıyır. Adətən Komitə ildə bir dəfə toplaşaraq növbəlilik üzrə dövlətlərin hesabatını müzakirə edərək tövsiyyələr qəbul edir. Bundan əlavə, komitə paktın 41-ci maddəsinə müvafiq olaraq dövlətlərarası şikayətləri də nəzərdən keçirir. Qeyd etmək zəruridir ki, bu il 17 Oktyabr-4 Noyabr tarixində Cenevrədə keçiriləcək BMT-nin İnsan Haqları Komitəsinin növbəti 118-ci Sessiyasinda Azərbaycanın da hesabatını nəzərdən keçirəcək. Son belə hesabat 2009-cu ildə nəzərdən keçirilib və Vətəndaş və Siyasi hüquqlar barədə bir sıra mühüm təkliflər verilmişdir. Onu da qeyd etmək zəruridir ki, 2009-cu ildən 2015-ci ilin sonuna olan dövr üçün Azərbaycanın həm siyasi, həm də hüquqi islahatların aparılması baxımından müsbət nəaliyyətlərə nail olmasını qeyd etmək doğru olmazdı. Məsələn, 2009-cu ilin yekun tövsiyyələrində komitə qeyd edir ki, hesabat dövründə ombudsman aparatı tərəfindən qəbul edilmiş və baxılmış şikayətlər barədə ətraflı məlumatların və statistik göstəricilərin olmaması dərin narahatlıq yaradır. Bu eyni zamanda, həmin şikayətlərin nəticəsi barədə məlumatların olmaması fonunda Ombudsmanın tövsiyyələrinin yoxluğunu da ehtiva edir. Bunun nəticəsi olaraq, komitə tövsiyə edir ki, hökumət hər bir şikayət üzrə həyata keçrilən fəaliyyət barədə məlumat verməldir. Digər narahat edici məsələ qadınlara qarşı zorakılıq faktları olmuşdur. Bura eyni zamanda məişət zorakılığı da daxildir. Bununla bağlı Komitə qeyd etmişdir ki, zorlama faktı ilə bağlı çox az sayda faktlar polis tərəfindən qeydiyyata alınmışdır. Eyni zamanda, narahatlıq doğuran digər məsələ məişət zorakılığına məruz qalmış şəxslər üçün yetərli sayda sığınacaqların olmaması qeyd olunmuşdur. Vətəndaş və Siyasi hüquqların qorunması baxımından Komitənin bir sıra mühüm tövsiyyələri olmuşdur. Belə ki, Milli Təhlükəsizlik Nazirliyin tərkibində olan İstintaq təcridxanasının mövcudluğu, onun Ədliyyə Nazirliyinin tərkibində olmaması çox ciddi narahatlıq yaradan fakt olmuşdur. Dövlətə tövsiyyə olunmuşdur ki, bu təcridxana bağlanaraq onun Ədliyyə Nazirliyinin tabeliyinə verilməsi həyata keçirilsin. Təəssüf ki, 2016-cı ilin əvəlinə olan məlumat onu göstərir ki, bu təcridxana hələ də Dövlət Təhlükəsizlik Xidmətinin tabeliyindədir (keçmiş Milli Təhlükəsizlik Nazirliyi).

14. Azad seçki hüququ

Bildiyiniz kimi 01 noyabr 2015-ci ildə Azərbaycanda Parlament seçkiləri keçirilib. MSK üzvü Akif Qurbanovun və onun rəhbərlik etdiyi "İDİ"ictimai birliyi 01 noyabr 2015-ci il Parlament seçkilərinin müşahidəsinə dair aşağıda göstərilən ilkin nəticələrə gəlib: 01 noyabr 2015-ci il Parlament seçkiləri zamanı seçkiqabağı mühit azad və demokratik seçkilər keçirməyə imkan verməyib, siyasi azadlıqlar, xüsusən də söz və mətbuat azadlığı, birləşmək və sərbəst toplaşmaq azadlığı yönündə çatışmazlıqlar aradan qalxmayıb. Əksinə bu seçkilər siyasi və vətəndaş cəmiyyəti fəallarının, tanınmış huquq müdafiəcilərinin, jurnalist və blogerlərin həbsi və nəticə etibarilə ölkədə olan represiya mühiti altında aparılıb. 01 noyabr 2015-ci il Parlament seçkiləri dövründə seçkilərində namizədlərin qeydiyyatı dövrü ciddi qanun pozuntuları ilə müşayiət olunaraq, seçkilərdə alternativsizlik mühitinin yaradılması ilə nəticələnib. Bunu seçkidə iştirak edən partiyalar və onların qeydə alınmış namizədləri barədə MSK-nın rəsmi məlumatına baxdıqda aydın görmək olur. 01 noyabr 2015-ci il Parlament seçkilərində seçkiqabağı təşviqat kampaniyasında qarşıduran siyasi tərəflər, o cümlədən namizədlər arasında bərabər və rəqabətli siyasi şərait təmin olunmayıb. Seçki prosesində seçki iştirakçılarına, xüsusən də siyasi partiyalar, namizədlər, seçicilər və müşahidəçilərə qarşı təzyiq və təhdidlər qeydə alınıb. Namizədlərin irəli sürülməsi və qeydiyyatı prosesində namizədlərə munasibətdə ciddi ayrı-seçkilik muşahidə edilib. Belə ki, hakim YAP-nın üzvlərinin qeydiyyatında heç bir maneə olmayıb. Bunun əksinə olaraq müxalif siyasi partiya üzvlərinin qeydiyyatında isə DSK-lar və ya yerli icra hakimiyyətləri tərəfindən çoxlu sayda süni əngəllər yaradılıb. Bəzən yerli icra numayəndələri tərəfindən onlara təzyiqlər olub. ATƏT DTİHB və Avropa Şurası Venesiya Komissiyasının secki qanunvericiliyinə dair təklifləri qəbul edilməyib. Əksinə olaraq, son bir neçə ildə Seçki Məcəlləsinə edilmiş mürtəce əlavə və dəyişikliklər nəticəsində bir sıra seçki hərəkətlərinin icrası çətinləşmiş, namizədlərin qeydiyyatı və seçkiqabağı təşviqata hüquqi məhdudiyyətlər yaranmışdır. Səsvermə günü seçki məntəqələrində çoxsaylı qanun pozuntuları, xüsusən də bir şəxsin bir neçə dəfə səs verməsi və topa bülletenlərdən istifadə halları qeydə alınmış, səslərin sayılması və protokollaşması prosesi ciddi pozuntularla aparılmışdır. Bununla da səsvermənin qanuni nəticələri şübhə altına düşüb. Seçki günü seçici fəallığı barədə rəsmi məlumatlar ciddi şübhə doğurub və əksər seçki məntəqlərində seçici fəallığı süni olaraq şişirdilib; Yekun olaraq: 01 noyabr 2015-ci ildə Azərbaycan Respublikasında Parlamentə keçirilən seçki azad, ədalətli, şəffaf və demokratik olmayıb. Seçkilərin bütün mərhələlərində, əsasən də namizədlərin irəli sürülməsi və qeydiyyatı, seckiqabağı təşviqat və seçki günü səsvermənin nəticələri üzrə ümumiləşdirmə göstərir ki, bu seçki rəqabətsiz və alternativsizlik şəraitində baş verib, Azərbaycan xalqının həqiqi iradəsini ifadə edən seçkilər olmayıb. Seçkilərdə qeydə alınmış qanun pozuntuları və seçkiqabağı siyasi mühit, azad və ədalətli seçkilərin keçirilməsinə imkan verməmiş, bununla da Parlament seçkiləri Azərbaycan Respublikasının yerli qanunvericliyinə və beynəlxalq standartlara uyğun keçirilməmişdir. Azərbaycan Respublikasının dövlət orqanları, xüsusən də siyasi hakimiyyət bu seçkinin azad, ədalətli və demokratik keçirilməsi üçün siyasi iradə nümayiş etdirə bilməmişdir.

 

15. Köçkünlərin haqları

Ümumilikdə, qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə keçən iyirmi il ərzində 6 milyard ABŞ dollarına yaxın vəsait xərclənmişdir. Həmin vəsaitin 3 milyard ABŞ dolları dövlət büdcəsindən, 2 milyard ABŞ dolları Dövlət Neft Fondundan, 1 milyarda yaxın ABŞ dolları beynəlxalq humanitar və bu sahədəki inkişaf təşkilatları tərəfindən ödənmişdir.

Dövlət büdcəsi və Dövlət Neft Fondunun 2001-ci ildən başlayaraq məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üçün həyata keçirilən layihələr çərçivəsində Ağdam, Füzuli, Biləsuvar, Goranboy, Sabirabad, Ağcabədi, Beyləqan, Qəbələ, Şəmkir, Ağstafa, İsmayıllı, İmişli, Göygöl, Bərdə, Oğuz, Şəki, Gədəbəy, Saatlı, Hacıqabul rayonlarında, Naxçıvan Muxtar Respublikasında, Bakı, Gəncə, Mingəçevir, Sumqayıt, Yevlax, Balakən şəhərlərində, Mehdiabad, Ramanı, Müşviqabad, Masazır, Pirşağı, Fatmayı və Ümid qəsəbələri ərazisində qaçqın və məcburi köçkünlər üçün hündürmərtəbəli binaların, fərdi yaşayış evlərinin, sosial-mədəni, infrastruktur və digər obyektlərin tikintisi həyata keçirilmişdir. İndiyə kimi Dövlət Neft Fondundan və büdcədən ayrılmış vəsait hesabına 31 min mənzildən ibarət, bütün sosial-texniki infrastruktura malik 70-dən artıq müasir qəsəbə salınıb. Bununla da müvəqqəti yaşadıqları obyektlərində: uşaq bağçaları, tələbə yataqxanaları, zavod va fabriklərin yarımçıq qalmış yardımçı binaları, ferma və qışlaqlar, stadionlar, yol boyu ərazilərdə qazmalar, fin evləri, tikintisi yarımçıq qalmış binalar, pansionat və düşərgələrdə məskunlaşan məcburi köçkünlərin mənzil problemləri qismən həll olunmuşdur.

Məcburi köçkünlərin yeni qəsəbələrə köçürülməsi prosesi 2004-cü ildən başlamış və bu günə qədər davam edir, hal-hazırda yuxarıda qeyd olunan obyektlərdə nə qədər əhalinin yaşadığı haqda yeni statistik məlumat əldə etmək mümkün deyil. Yalnız 2006-cı ildə köçürülmə prosesi başlamamışdan əvvəl əldə olunan statistik məlumata görə, məcburi köçkünlərin 230 min nəfəri yataqxanalarda, 41.000 nəfəri çadır şəhərciklərində, 28.000 nəfəri taxtadan olan fin evlərində, 58.000 nəfəri dəmir yol üzərindəki vaqonlarda yaşamışdır. Eyni zamanda 250 minə yaxın məcburi köçkün mənzil problemini öz qohumlarnın və yaxud sonradan özlərinin tikdikləri evin hesabına həll edə bilmişdi. Lakin, nəzərə almaq lazımdır ki, onların özlərinə məxsus olan evlər başqa adamların adına qeydə alındığından mənzil problemini öz hesabına həll edənlərinin statistikasını aparmaq mümkün deyil. Daha bir qrup MK-lər isə mülkiyyətçilərinə orderi paylanmış mənzilləri zəbt edərək orada yaşayırlar.

Dövlət indiyə kimi yalnız ictimai yerlərdə yaşayan məcburi köçkünlərin mənzilə təmin olunması üçün layihələr icra edir və növbəti mərhələdə isə zəbt olunmuş mənzillərdə, kirayədə və qohumlarının evlərində məskunlaşan insanlar üçün yeni evlərin tikilməsini planlaşdırırdı. Nəzərə almaq lazımdır ki, 2014-cü ildən neft gəlirləri azalmağa başlayandan dövlətin öz büdcəsi hesabına tikilən yeni qəsəbələrin inşasında müəyyən fasilələr verilmişdir. Yeni qəsəbələrin tikintisinə nə zaman başlanacağı məlum deyil. Azərbaycan manatının devalivasiyası və neftin qiymətinin kəskin azalması yaxın perspektivdə yeni qəsəbələrin inşasına başlanmasını qeyri-real edir.

Məcburi köçkünlərin yeni mənzillər ilə təmin olunmasının da müxtəlif problemləri üzə çıxmışdır. Bu ilk növbədə rayonlarda salınmış qəsəbələrdə bir mərtəbəli evlərin qiymətinin onun keyfiyyətinə və real bazar qiymətlərindən dəfələrlə artıq göstərilməsi və yeyinti hallarının olması ilə əlaqədardır. Yeni qəsəbələr üçün ayrılan vəsaitlər Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, habelə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən təqdim edilmiş layihələr əsasında onların hesabına köçürülür və onlar isə podratçı təşkilatlar vasitəsilə tikintini həyata keçirirlər. Tenderlərin açıq olmaması və podratçı təşkilatların çox vaxt oliqarxlara yaxın olan biznes qrumlardan ibarət olması da yeyinti hallarının qaçılmaz olduğunu sübut edir.

Digər bir problem, yeni qəsəbələrdə mənzil alan məcburi köçkünlər ictimai binalarda yaşamalarına baxmayaraq, özlərinin şəxsi mənzil və həyət evləri vardır. Onlara yeni qəsəbələrdə ev verilir və sonradan həmin mənzillər məcburi köçkünlər tərəfindən kirayəyə verilir və yaxud satışa çıxarılır. Dövlət son zamanlar bu hallar ilə mübarizə aparmaq üçün yeni salınmış qəsəbələrdə reydlər keçirir, bütün kirayənşinləri evlərdən çıxarır, mənzillərin geri alınması ilə onları hədələyir.

Beləliklə, yeni salınmış qəsəbələrdə mənzil almaq ümidi ilə yaşayan 250 minə yaxın məcburi köçkünün bu mənzillərə nə zaman sahib olacaqları hələ tam aydın deyil. Dövlət təbii ki, məcburi köçkünlərin yaşadıqları evlərin dəqiq qiymətləndirməsini aparıb, onların şəxsi mənzillərini öz adlarına qeydiyyata almasına razılıq vermiş olsaydı və bütün qanunsuz tikililərin sənədləşdirilməsi prosesini tezləşdirsəydi, bu gün daha aydın təsəvvür olardı ki, nə qədər məcburi köçkünün mənzili vardır. Məcburi köçkünlərin adlarına mənzilin qeydiyyatı onların avtomatik olaraq statusunun itirilməsinə gətirib çıxarmış olacaq. Dövlət hətta bu sərt islahata getməklə şəxsi mənzili olan və öz həyatını sərbəst idarə edən bu insanların dövlətdən asılılığını azalda bilər. Dövlət həmin adamlara müxtəlif məbləğdə kompensasiya ödənilməsi yolu ilə gələcəkdə onların işğal olunmuş rayonlarda bərpa olunacaq mənzil fonduna olan iddialarını aradan qaldıra bilər. Bundan ötrü kifayət qədər şəffaf mexanizmin və ictimai nəzarətin olmasına ehtiyac var. Əks halda bütün layihələrin effektivliyini ölçmək imkansızdır.

Nəticə

2015-ci ildə Azərbaycanda insan haqlarının vəziyyəti qənaətbəxş hesab edilməməlidir. Bu il ərzində insan haqlarının vəziyyəti bütün ölkə boyu qırmızı xəttin altına düşmüşdür. İl ərzində dəfələrlə ölkə qanunvericiliyinə edilən anti-demokratik, sərt dəyişikliklər, Vətəndaş Cəmiyyəti üzvlərinə qarşı davam edən təzyiqlər, istintaqa cəlb olunma, bank hesablarına və ölkədən çıxışlara qoyulan qadağalar, siyasi və ictimai fəalların davam edən məhkəmə işləri və onlara elan edilən absurd cəzalar, yeni həbslərin baş verməsi, Nardaran hadisələri fonunda yenidən artan və qabaran siyasi məhbus siyahısı, ölkədə keçiriləcək beynəlxalq statusla yarışlara şərait yaradılması ilə əsaslandırılan pozulmuş mülkiyyət hüquqları, Kütləvi İnformasiya Vasitələrinin tamamilə asılı vəziyyətə salınması, xaricdən müstəqil fəaliyyət göstərməyə çalışan media qurumlarının yerli təmsilçilərinə qarşı aparılan amansız təqib və təzyiq dalğası, parlamentə keçirilən seçkilərdə total seçki saxtakarlıqlarının baş verməsi və bununla da vətəndaşların seçki hüquqlarının kobud şəkildə pozulması bunu deməyə əsas verir ki, ölkədə insan haqlarınının vəziyyəti ciddi şəkildə zərbə almışdır. Yuxarıda sadaladığımı hüquq pozuntuları özlüyündə yeni pozuntulara yol açmış, sosial iqtisadi sahədə yeni problemlərin yaranmasına gətirib çıxarmışdır. Belə ki, azad və ədalətli məhkəmə sisteminin olmaması ölkədə sahibkarlığa böyük zərər vurmuş, xüsusən də xarici investorların Azərbaycan inamsızlığının artmasına və onların ölkəni kütləvi şəkildə tərk etməsinə səbəb olmuşdur. İnsanların təhsil hüququnun pozulması, rüşvətsiz və korrupsiyasız təhsilin təmin edilməməsi üzündən gender problemləri çoxalmış, erkən nikahların, qadına qarşı cinayətlərin sayında kəskin artma müşahidə edilmişdir. Eyni zamanda sosial iqtisadi vəziyyətin pisləşməsində, bahalaşma və devalvasiyaya etiraz olaraq bölgələrdə küçələrə çıxmış insanlar həbs edilib, onların sərbəst toplaşmaq azadlığı pozulub. Müxtəlif ittihamlarla həbs olunan bu sıravi vətəndaşların müdafiə hüququ da təmin olunmayıb. 2015-ci ildə Azərbaycanda baş verən qanun pozuntuları ilə bağlı Avropa məhkəməsində də rekord sayda qərar çıxdığı il olub. Ölkədə ədalətli məhkəmə hüququndan istifadə edə bilməyən vətəndaşlar son çarəni yenə də Avropa məhkəməsində axtarıb. Yəqin bunun nəticəsidir ki, 2015-ci ilin son aylarında Avropa məhkəməsinin qərarlarının icrası ilə bağlı qanuna dəyişikliklər edilməsi ilə bağlı Milli Məclisdə qanun layihəsi hazırlamasına başlanılıb. Bu da 2016-cı ildə ölkədə insan haqlarının vəziyyətinin daha da pisləşəcəyindən xəbər verir.

 

 

 



[1]